Xəbərlər
Los-Ancelesdə Ulu Öndərin müasir Azərbaycanın tərəqqisindəki xidmətlərindən bəhs edilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Azərbaycanın ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda geniş tədbir keçirilib.
“Heydər Əliyev: Müasir Azərbaycanın qurucusu və memarı” devizi altında təşkil olunmuş tədbirdə çoxsaylı qonaqlar, o cümlədən Los-Anceles vilayətinin rəsmiləri, baş konsullar, müxtəlif icmaların fəalları, alimlər, eləcə də yerli KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev Ulu Öndərin həyat yolu və müasir Azərbaycanın qurulmasında və tərəqqisində göstərdiyi əvəzsiz tarixi xidmətlər barədə danışıb. Vizual təqdimatın müşayiəti ilə davam edən çıxışda diplomat Heydər Əliyevin uzaqgörənliyi və güclü siyasi iradəsi nəticəsində Azərbaycanın qısa vaxt ərzində ölkə daxilində və beynəlxalq aləmdə əldə etdiyi böyük nailiyyətləri tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Diplomat, həmçinin Ümummilli Liderin daxili və xarici siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və nəticədə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini bildirib.
Sonra tədbir Ulu Öndərin təməlini qoyduğu çağdaş Azərbaycanın bu gün əldə etdiyi yüksək nailiyyətlərdən, eləcə də milli-mədəni irsimizdən bəhs edən sənədli filmin premyerası ilə davam edib. Tədbir iştirakçılarında böyük maraq oyadan film bir müddət əvvəl Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki baş konsulluğumuzun birgə dəstəyi ilə ərsəyə gətirilmiş 5 sənədli filmdən biridir. Bu ilin aprel ayından etibarən ABŞ televiziya kanallarında çoxsaylı amerikalı tamaşaçılara təqdim olunan filmlər qısa müddət ərzində geniş rəğbət qazana bilib. Filmlərin çəkilişi və istehsalı Los-Ancelesdə fəaliyyət göstərən ECONEWS teleradio şirkəti tərəfindən həyata keçirilib. Filmin nümayişindən öncə ECONEWS teleradio şirkətinin icraçı direktoru Nensi Perlman Azərbaycan milli geyimində çıxış edərək ölkəmizin füsunkar təbiəti, zəngin musiqisi və mədəniyyəti, böyük turizm potensialı və sürətli inkişafı barədə məlumat verib.
Nümayişdən sonra tədbir iştirakçıları Heydər Əliyevin həyatının müxtəlif dövrlərini əks etdirən fotosərgi ilə tanış olublar.