Xəbərlər
Elman Nəsirov: İşğalçı Ermənistan zaman udmaq istəyir
«Ermənitsanın qondarma «DQR»i tanıyacağı haqda fikirlər yeni məsələ deyil. Bundan əvvəl də dəfələrlə belə hal baş verib ki, Ermənistan parlamentində qondarma Dağlıq Qarabağ Respublikasının tanınması məsələsi gündəmə gəlib. Lakin hər dəfə də bu təklifdən imtina edilib». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, Ermənistan bununla Azərbaycana təzyiq göstərmək istəyir. Onun sözlərinə görə, yenidən Ermənistan müxalifətinin bu məsələnin aktuallaşdırmasının səbəbi Serj Sarkisyanın danışıqlardan imtina edilməsi barədə fikirləri olub.
«Amma bu məsələ real görünmürdü və belə də oldu. Çünki əgər bu baş verərsə, bütün münaqişənin mahiyyəti dəyişir. Yəni Ermənistanla danışıqlar masası birdəfəlik tarixin arxivinə atılmış olur. Bu zaman isə müharibə versiyası aktuallaşır. Ermənistan ordusunun dördgünlük müharibənin gedişatında nə qədər aciz olduğunun şahidi olduq. Hətta elementar texniki təchizat baxımından vəziyyətin acınacaqlı olduğu ortaya çıxdı. Məntiqlə yanaşdıqda irimiqyaslı əməliyyatlara Ermənistanın gücü və potensialının olmadığı aydın olur. Sadəcə, belə məsələləri gündəmə gətirməklə Ermənistan zaman udmaq istəyir»- deyə, politoloq qeyd edib.