YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Dağlıq Qarabağdakı qondarma rejimi tanımadığını bir daha vurğuladı

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner mayın 5-də keçirilən brifinqdə ABŞ administrasiyasının Ermənistan parlamentinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin müstəqilliyini tanınması haqqında qanun layihəsinə dair münasibət bildirib.

Mark Toner deyib ki, Amerika Biləşmiş Ştatları bütün dünya ictimayyəti kimi, Dağlıq Qarabağın müstəqilliyini tanımır. O, qeyd edib ki, Dağlıq Qarabağın yekun statusu yalnız münaqişənin hərtərəfli nizamlanması kontekstində həll olunmalıdır və ABŞ bu məqsədlərə nail olmaq üçün tərəfləri danışıqlar masasına çağırır.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələri tərəfindən 1992-1994-cü illərdə işğal edilib. Ermənistanın işğalçı siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlı öz torpaqlarından didərgin düşüb. 1993-cü ilin aprel-noyabr aylarında BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, erməni silahlı qüvvələrinin bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şərait yaradılmasını tələb edən 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul edib. 2008-ci ilin martında BMT Baş Məclisində beynəlxalq birliyin Təhlükəsizlik Şurasının sənədlərində ifadə edilmiş mövqeyini bir daha təsdiqləyən 62/243 nömrəli qətnamə qəbul olunub. Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların qanunverici orqanları BMT Təhlükəsizlik Şurasının bu qətnamələrini əsas götürərək, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən sənədlər qəbul ediblər.