Xəbərlər
Azərbaycan ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
İsveçrənin Cenevrə şəhərində Azərbaycan ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun BMT-nin insan hüquqları üzrə ali komissarı Zeid Raad əl Hüseyn ilə görüşündə tərəflər arasında mövcud uğurlu əməkdaşlığın gələcəkdə daha da gücləndiriləcəyinə inam ifadə olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə X.Xələfov Ali Komissarlığın bütün dünyada insan hüquqlarının təşviqi və qorunması sahəsində fəaliyyətinin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib və ölkəmizin BMT-nin insan hüquqları sisteminin bütün mexanizmləri ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini ifadə edib.
Nazir müavini, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi və təşviqinin ölkə Prezidentinin birbaşa qayğısı və nəzarəti altında həyata keçirildiyini diqqətə çatdırıb. O, ölkədə insan hüquqlarının bütünlüklə təmin olunmasında Ermənistan-Azərbaycan münaqişəsinin əngəl təşkil etdiyini, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü bildirib. X.Xələfov azərbaycanlı qaçqın və məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunması istiqamətində beynəlxalq səylərin artırılmasının zəruriliyini vurğulayıb.
2016-cı il aprelin əvvəlindən başlayaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya, iriçaplı silahlardan intensiv atəşə tutduğu, xeyli sayda azərbaycanlı mülki əhalinin öldürüldüyü və yaralandığı, çoxsaylı mülki bina, məktəb və digər sosial obyektlərin dağıdıldığı, əldə olunmuş atəşkəs razılaşmasının davamlı olaraq Ermənistan silahlı qüvvələri tərəfindən pozulduğu təəssüflə qeyd olunub.
Zeid Raad əl Hüseyn Azərbaycanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə əməkdaşlığının səviyyəsindən məmnunluğunu ifadə edərək Azərbaycan tərəfinə minnətdarlığını bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyəti, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı verilmiş ətraflı məlumata görə təşəkkür edib. Ali komissar aprelin 2-5-də qoşunların təmas xətti boyunca baş vermiş hadisələrə görə narahatlığını bildirib.