Xəbərlər
TAP-ın kompressor stansiyalarını İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi inşa edəcək
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin kompressor stansiyalarını İtaliyanın “Renco S.p.A” və Yunanıstanın “Terna S.A.” birgə müəssisəsi inşa edəcək.
Bu barədə boru kəmərinin operatoru TAP AG-nin saytında məlumat verilir. Bildirilir ki, TAP AG boru kəməri üzrə kompressor stansiyalarının Mühəndislik, Təchizat və Tikintisi (EPC) layihəsi üçün elan olunan tenderin qalibi “Renco S.p.A” və “Terna S.A.” birgə müəssisəsini qalib seçib və müqavilə imzalanıb. Müqavilə Yunanıstanda, Türkiyə-Yunanıstan sərhədi yaxınlığındakı Kipoi məntəqəsində bir kompressor stansiyasının mühəndislik, təchizat, tikinti və istismara verilməsini əhatə edir. Müqavilə üzrə Albaniyanın Fier adlı ərazisində bir kompressor stansiyasının mühəndislik, satınalma, tikintisi, o cümlədən Biliştdə bir ölçü stansiyasının istismara verilməsi planlaşdırılır. Ölçü stansiyası TAP-ın Yunanıstan hissəsindən gələn təbii qazın ölçülməsi üçün nəzərdə tutulub.
Kompressor stansiyalarının tikintisinə 2016-ci ilin ikinci yarısında başlanılması planlaşdırılır və təxminən iki ilə tikiləcək. Kompressor stansiyaları insanların məskunlaşdığı ərazilərdə sağlamlıq və təhlükəsizlik üzrə ən yüksək beynəlxalq standartlara uyğun inşa ediləcək, ətraf mühitə və yerli icmalara minimum təsir edəcək.