Xəbərlər
Bahar Muradova: Erməni silahlı dəstələri Qarabağda azərbaycanlılara qarşı XXI əsrin soyqırımını törədiblər
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova İsveçrəyə səfəri çərçivəsində bu ölkədə dərc edilən türkdilli “Post” qəzetinə müsahibə verib.
Bahar Muradova müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, beynəlxalq ictimaiyyətin bu problemin həllinə ədalətli mövqedən yanaşmadığını diqqətə çatdırıb. İşğalçı Ermənistanın son günlər təcavüzkar siyasətini davam etdirdiyini vurğulayan parlamentin sədr müavini bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bunu bütün beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr də təsdiqləyir.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox soydaşımızın doğma yurdunda qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edən B.Muradova diqqətə çatdırıb ki, erməni silahlı dəstələri Qarabağda azərbaycanlılara qarşı XXI əsrin soyqırımını törədiblər.
Azərbaycanın bu münaqişənin sülh yolu ilə həll edilməsini istədiyini vurğulayan vitse-spiker avropalı həmkarlarının da bu prosesə töhfə verəcəklərinə əminliyini bildirib. “İşğalçı ermənilər təcavüzkar hərəkətlərini indi də davam etdirirlər. Bizim avropalı dostlarımızdan gözləntimiz Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqedən çıxış etmələridir. İsveçrədə görüşlərimiz çox səmərəli oldu. İstər Dağlıq Qarabağ münaqişəsi, istərsə də Azərbaycanda xarici sərmayədarlar üçün yaradılan əlverişli investisiya mühiti barədə ətraflı məlumat verdik”, - deyə B.Muradova müsahibəsində bildirib.