Xəbərlər
BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin sessiyası çərçivəsində Azərbaycanın məruzəsinə baxılıb
Mayın 3-4-də Cenevrə şəhərində BMT-nin irqi ayrı-seçkiliyin aradan qaldırılması üzrə komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Beynəlxalq Konvensiyasının həyata keçirilməsinə dair Azərbaycan Respublikasının yeddinci, səkkizinci və doqquzuncu dövri məruzəsinə baxılıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Sessiyada ölkəmiz Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilmiş, xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Xələf Xələfov açılış nitqi ilə dövri hesabatımızı təqdim edib. O, çıxışı zamanı irqi ayrı-seçkiliyin ləğv edilməsinin milli qanunvericilikdə təsbit edilməsi, Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının, insan alveri ilə mübarizə üzrə Fəaliyyət Planının qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı məlumatları diqqətə çatdırıb.
O, həmçinin ölkəmizdə dini tolerantlıq və millətlərarası münasibətlərin daha da gücləndirilməsi və inkişafı məqsədilə Azərbaycan Respublikası tərəfindən həm milli, həm də beynəlxalq səviyyədə görülən tədbirlər barədə məlumat verib, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanılması və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasını qeyd edib.
Nazir müavini Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən və mədəniyyətlərarası dialoqun təşviqi məqsədini daşıyan “Bakı prosesi” və dövlətimizin başçısının təşəbbüsü ilə aprelin 25-27-də Bakı şəhərində keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumundan bəhs edib. X.Xələfov, həmçinin çıxışında ölkəmizdə tolerantlığın və multikulturalizmin inkişafına böyük töhfə verən Heydər Əliyev Fondu və Fond tərəfindən bu istiqamətdə dünyanın müxtəlif ölkələrində həyata keçirilən layihələrlə bağlı məlumat verib.
Bununla yanaşı, nazir müavini məhkəmə sisteminin təkmilləşdirilməsi, iqtisadi-sosial islahatlar, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması, “ASAN xidmət”in yaradılması və fəaliyyəti, insan alverinin qarşısının alınması və miqrasiya sahəsində həyata keçirilən tədbirlər barədə danışıb. O, qaçqın və məcburi köçkünlərin iqtisadi-sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən bəhs edib və onların mülkiyyət hüququnun bərpası ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Böyük Palatasının 2015-ci il 16 iyun tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qəbul olunmuş Qərarının mahiyyəti barədə komitə üzvlərinə məlumat verib.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyini vurğulayan X.Xələfov ərazilərimizin 20 faizinin hələ də Ermənistanın işğalı altında olmasını diqqətə çatdırıb və işğalın nəticələrini insan hüquqlarının qorunması sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsində əsas maneə kimi qiymətləndirib. O, təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizdə tarixi, mədəni və dini abidələrimizin məhv və talan edildiyini vurğulayıb.
Sessiya çərçivəsində komitə üzvləri öz növbələrində nümayəndə heyətimizin yüksək səviyyədə təmsil olunmasını, Azərbaycanın komitə ilə əməkdaşlığını, konvensiyanın həyata keçirilməsi sahəsində əldə olunmuş nailiyyətləri, bu sahədə qanunvericilik tədbirlərini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş məlumatları, ölkədə milli birliyin mövcudluğunu, qadın hüquqları sahəsində görülmüş işləri, əfv fərmanlarını, eləcə də irimiqyaslı beynəlxalq idman və mədəni tədbirlərə ev sahibliyi edərək irqçiliyə qarşı mübarizə, multikulturalizmin inkişafı və mədəni müxtəlifliyə töhfə verməsini təqdir ediblər.
Sessiya çərçivəsində interaktiv dialoq zamanı komitə üzvlərinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı verdiyi suallara cavab olaraq münaqişənin artıq 25 ildir davam etdiyi, Ermənistan tərəfindən atəşkəsin davamlı olaraq pozulduğu və nəticədə çoxlu sayda azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olduğu və yaralandığı, eləcə də müxtəlif mülki obyektlərə zərər dəydiyi, məktəblərin dağıdıldığı qeyd edilib. Ermənistanın bu cinayətkar addımlarının beynəlxalq humanitar hüququn əsaslarını dağıtdığı vurğulanıb, Ermənistanın əsas məqsədinin təxribatları davam etdirərək beynəlxalq ictimaiyyət üçün qəbuledilməz olan mövcud status-kvonu saxlamaq və işğal etdiyi ərazilərdə möhkəmlənmək olduğu bildirilib. Həmçinin münaqişənin həllinin yalnız Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxması və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasından sonra mümkün ola biləcəyi qeyd edilib.
Sessiya zamanı ölkəmizdə insan hüquqlarının təmin olunması ilə bağlı komitə üzvləri tərəfindən nümayəndə heyətinə ünvanlanmış çoxsaylı suallar aidiyyəti üzrə dolğun şəkildə cavablandırılıb.