YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın çatdırılması təmin edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 aprel 2016-cı il tarixli “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların çatdırılması təmin edilib.

 Sərəncam ümumilikdə hazırkı vəziyyətə 15857  nəfərə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 997 nəfərin hər birinə 1000 (min), İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 14860 nəfərin hər birinə isə  500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.

Hər il İkinci Dünya müharibəsində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq  800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb.

Ümumilikdə Azərbaycan Respublikası MDB-yə üzv ölkələri arasında 1941-1945-ci illər müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardım verən ölkədir. Belə ki, Azərbaycan manatı ilə ifadə etdikdə, bu məbləğ Rusiyada 232 manat, Qazaxıstanda 690 manat, Özbəkistanda 416 manat və s. təşkil edir.