Xəbərlər
Riz Xan: Dinc əhalinin atəşə tutulması, mülki obyektlərin dağıdılması yolverilməzdir
Atəşkəs rejiminin pozulması, dinc əhalinin atəşə tutulması və öldürülməsi, mülki obyektlərin dağıdılması yolverilməzdir. Ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmalı və bu cür halların baş verməsinə heç bir beynəlxalq təşkilat biganə qalmamalıdır.
Bu fikirləri Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrə münasibət bildirən tanınmış britaniyalı jurnalist və aparıcı Riz Xan deyib.
BBC, CNN və “Al Jazeera” kimi nüfuzlu televiziya kanallarının aparıcısı olmuş jurnalist qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn başlıca prinsipləri əsasında həllini tapmalı, dövlətlər və beynəlxalq təşkilatlar cəbhə bölgəsində baş verən toqquşmalara, mülki əhaliyə atəş açılmasına biganəlik nümayiş etdirməməlidir.
“Mən münaqişə haqqında kifayət qədər məlumatlıyam və bir jurnalist kimi hesab edirəm ki, bu münaqişə beynəlxalq hüququn prinsipləri əsasında həllini tapmalı, ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət olunmalıdır. Atəşkəsin pozulması, dinc əhalinin atəşə tutulması və öldürülməsi, mülki obyektlərin dağıdılması yolverilməzdir. Buna heç kəs, heç bir beynəlxalq təşkilat biganə qalmamalıdır. Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq müharibə insanlıq üçün xoş bir hadisə deyil”, - deyə Riz Xan diqqətə çatdırıb.
Azərbaycana dəfələrlə səfər etdiyini və hər dəfə ciddi dəyişikliklərin şahidi olduğunu qeyd edən tanınmış jurnalist ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin də onun müsbət imicini möhkəmləndirdiyini vurğulayıb.
Riz Xan bildirib ki, birinci Avropa Oyunları, Formula 1 kimi böyük idman tədbirləri, forumlar yüzlərlə jurnalisti Azərbaycana gətirir: “Bir jurnalist kimi deyə bilərəm ki, bu, çox vacib amildir. Bakıya dəfələrlə səfər etmişəm. Bu şəhərdəki yeniliklər insanı valeh edir. Ölkənin ənənəvi və yeni simvolları – Qız Qalası, “Alov Qüllələri”, möhtəşəm şəkildə işıqlandırılan binalar və s. insanı heyran edir. Bir ölkənin belə mədəniyyəti və tarixinin olması heyrətamizdir”.
Riz Xan qeyd edib ki, müstəqilliyi hələ gənc olan ölkələr arasında təşəbbüskar və iddialı mövqeyinə görə Azərbaycan xüsusilə seçilir və bu, ona beynəlxalq arenada xüsusi mövqe qazandırır.