YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub

Xəbər verdiyimiz kimi, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gəldi.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev hərbi hissənin qərargahı ilə tanış oldu.

Müdafiə naziri Zakir Həsənov təmas xəttindəki son vəziyyət barədə Ali Baş Komandan İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı hərbi hissənin yeməkxanası ilə də tanış oldu. Yeməkxana ən müasir avadanlıqlarla təchiz edilib. Burada hərbçilərin dolğun qidalanmaları üçün hər cür şərait yaradılıb.

Hərbi hissənin kazarması da müasir standartlara cavab verir. Kazarmada əsgərlərin hərbi bilik və bacarıqlarını daha da artırmaları üçün müvafiq şərait formalaşdırılıb. Yataq otaqları da hərtərəfli təchizatı ilə diqqəti çəkir.

Hərbi hissə ilə tanışlıqdan sonra Ali Baş Komandan şəxsi heyətlə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

-Ordu quruculuğu siyasətimizin prioritetidir. Bu, təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. 1994-cü ildə atəşkəs rejimi yaradılıbdır. Ancaq buna baxmayaraq, Ermənistan atəşkəs rejimini daim kobudcasına pozur. Xüsusilə görəndə ki, onlara qarşı münaqişə ilə bağlı beynəlxalq təzyiq artır, onlar atəşkəsi daha çox pozurlar və müxtəlif silahlı təxribatlara əl atırlar.

Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir. Bu məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrləri də son vaxtlar dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir.

Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin.

Bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur. Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törətmiş, bizim mövqelərimizə hücum çəkmişlər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi.

Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilmişdir. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür.

Azərbaycan dövləti, Azərbaycan Ordusu heç vaxt mülki əhali ilə müharibə aparmayıb və aparmır. Biz sadəcə olaraq, düşmənin atəş mövqelərini bizə açılan atəş zamanı böyük ustalıqla məhv edirik. Ancaq eyni zamanda, Azərbaycan Ordusu öz vətəndaşlarını qorumalıdır, qoruyur və qoruyacaq. Münaqişənin həlli Ermənistan dövlətinə də imkan verəcək ki, onlar da müstəqil dövlət qura bilsin. Mən yenə də ümid edirəm ki, onların işğalçı siyasəti sona çatacaq. Çünki bunun başqa yolu yoxdur. Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmayacaq və son hadisələr bunu bir daha göstərdi. Bizə qarşı edilən silahlı təxribat cavabsız qalmadı. Bunu hamı bilir. Ermənistan rəhbərliyi nə qədər tez anlasa ki, onlar ancaq Azərbaycan ilə sülh şəraitində inkişaf edə bilərlər, münaqişəyə bir o qədər tez son qoyular.

Münaqişənin həlli isə beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bütün beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və digər təşkilatlar Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Heç bir beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasətini dəstəkləmir. Dünyada heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü şübhə altına almır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. İşğal edilmiş Dağlıq Qarabağ və digər torpaqlar bizim tarixi torpaqlarımızdır. Azərbaycan vətəndaşları o torpaqlarda yaşamalıdır və yaşayacaqlar.

Bir daha demək istəyirəm, biz çalışacağıq ki, Ermənistanı danışıqlar vasitəsilə düzgün yola gətirək. Diplomatik, siyasi, iqtisadi təzyiqlərimizi artıracağıq, təmas xəttində mövqelərimizi gücləndirəcəyik. Əgər bizə qarşı növbəti erməni silahlı təxribatı törədilərsə, yenə də lazımlı, tutarlı cavab veriləcək və nəticə də eyni olacaq. Çünki bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuzun maddi-texniki bazası böyük dərəcədə möhkəmlənmişdir, artmışdır. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu maddi təchizat baxımından güclü ordular sırasındadır. Orduda nizam-intizam yüksək səviyyədədir. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Aprel döyüşləri bunu göstərdi. Ruh yüksəkliyi var. Ordumuzun, əsgərlərimizin, zabitlərimizin mənəvi-psixoloji durumu çox müsbətdir. Nəinki orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi çox yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Bizim üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən vacib məsələ yoxdur. Bu, ən birinci məsələdir. Biz bu məsələni həll etməliyik və edəcəyik.

Mən həmişə orduda xidmət edənlərə böyük hörmətlə yanaşmışam. Ordu quruculuğu üçün nə lazımdırsa o da olacaq. Onu da edirik. Ən böyük xərclər hərbi xərclərdir. Artıq neçə ildir ki, bu, belədir. Bəzən müxtəlif ölkələrdən olan ermənipərəst siyasətçilər məni günahlandırırdılar ki, nə üçün Azərbaycanda hərbi büdcə getdikcə artır? Ona görə ki, biz işğala məruz qalmışıq. Əgər bu işğal olmasaydı, əlbəttə ki, buna ehtiyac olmazdı. Ancaq həyat göstərdi ki, biz nə qədər haqlıyıq. Əgər bizdə güclü hərbi imkanlar olmasaydı, bu gün təmas xəttində vəziyyət fərqli ola bilərdi. Həm döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizat, silah, texnikanın alınması, vətənpərvərlik ruhu, hərbçilərimizin peşəkarlığı, məharəti, aprel döyüşlərində göstərdikləri şücaət və qəhrəmanlıq bizim böyük sərvətimizdir.

Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz. Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük, şərəfli missiyadır.

Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə edin. Eşq olsun Azərbaycan Ordusuna!

X X X

Müdafiə naziri Zakir HƏSƏNOV dedi:

-Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Bütün şəxsi heyət adından Sizə dərin minnətdarlığımızı bildiririk. Silahlı Qüvvələrə yüksək qayğı göstərirsiniz.

Cənab Ali Baş Komandan, Sizin diqqət və qayğınız nəticəsində bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub. Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir və möhkəmlənir.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin şəxsi heyəti bütün əmrlərinizi qısa müddətdə yerinə yetirməyə hazırdır və qadirdir. Sağ olun.

X X X

Prezident İlham ƏLİYEV: Sağ olun. Təmas xəttində erməni silahlı təxribatından sonra yeni vəziyyət yaranmışdır. Bu gün mənə məruzə edildi. Bu vəziyyət əvvəlki vəziyyətdən fərqlidir. Bir daha onu göstərir ki, biz təmas xəttində üstünlüyü tam əldə etmişik. Əlbəttə, biz bundan sonra çalışacağıq ki, təmas xəttində mövqelərimizi daha da möhkəmləndirək. Buna nail olmaq üçün bütün lazımi tədbirlər görülür. Hesab edirəm, qarşı tərəf də artıq anlayıb ki, silahlı yolla hansısa maraqları təmin etmək üçün heç bir əsas yoxdur. Bütün səylər əbəsdir. Sadəcə, bölgədə sülhün bərqərar olması üçün işğala son qoyulmalıdır. Əminəm ki, belə də olacaq.

X X X

Sonra Ali Baş Komandan təmas xəttində Ermənistan ordusunun törətdiyi təxribatların qarşısını alarkən şücaət göstərmiş döyüşçülərə hədiyyələr təqdim etdi.

 

DİGƏR Xəbərlər Arxiv