Xəbərlər
Akif Əlizadə: Azərbaycan elmi mühüm yeni mərhələyə qədəm qoyub
"Azərbaycanda bugünki problemlərdən biri iqtisadiyyat və elmin ayrı-ayrı cərəyan etməsidir. Halbuki bu sahənin inkişafı üçün onların bir-biri ilə əlaqəsinin olması lazımdır. Bu baxımdan texnoparkların və biznes-inkubatorların genişləndirilməsi vacibdir".
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın illik ümumi yığıncağında çıxışı zamanı deyib. /Trend/
Onun sözlərinə görə, elm və təhsilin inteqrasiyasının gücləndirilməsi sayəsində AMEA-da bir çox ali məktəblərin baza kafedraları yaradılıb.
A.Əlizadə qeyd edib ki, bu gün ölkə üçün əhəmiyyətli olan aqrar layihələr həyata keçirilir.
AMEA prezidenti bildirib ki, ən vacib məsələlərdən biri "Elm haqqında" qanunun qəbuludur.
Bu qanunun yaxın vaxtlarda Milli Məclis tərəfindən qəbul ediləcəyinə ümid etdiyini deyən A.Əlizadə qeyd edib ki, artıq ölkəmizdə bilik sahələrinin elektronlaşdırılması çox sevindirici haldır: "Ölkənin əksər elm və təhsil müəssisələrində elektron kitabxanalar yaradılıb".
Son illər ərzində elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü deyən Akademiya prezidenti qeyd edib ki, həyata keçirilən işlər nəticəsində elmi qurumların siması tamamilə dəyişib.
A.Əlizadə bildirib ki, Azərbaycan elmi mühüm yeni mərhələyə qədəm qoyub, ancaq bununla yanaşı, görülməsi vacib olan işlər hələ də çoxdur: "Bunun üçün də əsas ağırlıq alimlərin üzərinə düşür. Azərbaycan alimləri yeni cağırışlardan irəli gələn məsələlərin həlli üçün bütün səylərini əsirgəməyəcəklər".