Gündəm
Mehriban Əliyeva: Problemin birdəfəlik həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, insanların evlərinə qayıtması vacibdir
Aprelin 27-də BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasında çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi humanitar problemlərin həllindən bəhs edərkən qeyd etdi ki, hökumət bu insanların həyatının normallaşdırılması üçün mümkün olanı etdi və etməkdə davam edir: “Biz bütün çadır düşərgələrinin ləğv olunmasına və onların əvəzinə qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələrin salınmasına nail olduq. Bu insanlar iş və sosial müavinətlərlə təmin olunur. Gənc nəsil müasir təhsildən bəhrələnmək imkanı əldə etdi. Tibbi dildə danışsaq bütün bu səylər yalnız palliativ müalicə idi. Qaçqın və məcburi köçkün vəziyyətinə düşən insan öz şəxsi kimliyini itirir. Siz onlar üçün ideal yaşayış şəraiti yarada bilərsiniz, lakin onların doğma torpaq və ev üçün olan həsrətini heç kim əvəzləyə bilməz. Yaşlılar doğma torpaqda son mənzilə yola salınmağı arzu edir, gənclər dədə-babalarının torpaqlarına qayıtmaq istəyirlər. İnanıram ki, hər birimiz bu insan iztirablarını başa düşə və razılaşa bilərik ki, bu problemin birdəfəlik həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, insanların evlərinə qayıtması vacibdir.”
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bildirdi ki, hansı sosial uyğunlaşmadan danışsaq da biz açıq-aydın başa düşməliyik ki, qarabağlı, suriyalı, iraqlı və əfqan qaçqın və məcburi köçkünləri özlərində təkcə fiziki itkini və çətinlikləri daşımırlar. Psixoloji zərbələrdən və mənəvi iztirablardan qurtulmaq çoxlu vaxt və səy tələb edir. Mövcud münaqişələrin nəhayət, sona çatması üçün biz səylərimizi birləşdirməliyik ki, dünyada yeni münaqişə episentrləri üzə çıxmasın, qaçqın və məcburi köçkünlərin sayı artmasın. Hər kəs ən azından digər şəxsin ağrısına, faciəsinə və itkisinə acıya bilər. İnsan iztirablarına son qoymaq üçün mərhəmət real alətə çevrilməlidir.