Xəbərlər
BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında mühüm məsələlər müzakirə olunub
BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası aprelin 27-də işini davam etdirib.
İclasda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Maykl Kristides çıxışında bir çox regionlarda dözümsüzlük və ekstremizm hallarının ciddi fəsadlar törətdiyini bildirib. Mədəniyyətlər və dinlər arasında dialoqun təşviq olunmasının vacibliyinə toxunan M.Kristides Alyansın Dostları Qrupunda bu ideyanın yayılmasının əhəmiyyətinə toxunub. Sosial, iqtisadi, dini problemlərlə bağlı bütün məsələlərin həlli yollarının araşdırılmasından danışan baş katib dəyişikliklərə nail olmağın vacibliyini qeyd edərək deyib: “Sosial media məqsədlərə nail olmaqda əsas vasitə ola bilər. Biz siyasi liderlər kimi çıxış etməliyik. Siyasətçilər əsas iştirakçılardır. Onlar üzərinə düşən məsuliyyəti yerinə yetirməlidirlər. Plüralizm inklüzivliyin daha da möhkəmlənməsinə xidmət edir. Vətəndaş cəmiyyətinin fəalları, dini liderlər bizim ideyalarımızın yayılmasına dəstək ola bilərlər. Bizim vahid dünyamızda dözümsüzlük aradan qaldırılmalıdır. Gələcək nəsillərimiz bu bəladan azad olmalıdır. Bakı Bəyannaməsini dəstəkləyirik. Ümidvaram ki, Bakı Qlobal Forumu məqsədlərimizin beynəlxalq səviyyədə yayılmasına böyük təkan verəcək. Məhz hökumətlərarası regional iqtisadi təşkilat olan QDİƏT ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında Anlaşma Memorandumu imzalanacaq. Bunun nəticəsində hər iki qurum birgə daha sıx işləyə biləcək”.
Cəmiyyətlərdə dözümsüzlük hallarının aradan qaldırılmasının əhəmiyyətinə toxunan Argentinanın xarici işlər nazirinin müavini Karlos Foradori ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansının bütün ideyalarını yaymağa çalışdığını diqqətə çatdırıb. Argentinada dinlərarası, mədəniyyətlərarası dialoqa xüsusi diqqət ayrıldığını deyən K.Foradori görülən bütün işlər nəticəsində mədəni fərqlərin bərqərar olmasına dəstək verdiklərini diqqətə çatdıraraq bildirib: “Biz arzulayırıq ki, sülh və sabitlik hər bir yerdə təmin edilsin. Biz, eyni zamanda, qarşılıqlı anlaşmanı daha çox təşviq etməliyik. Gənclər cəmiyyətlərimizin gələcəyidir. Onlar sülhün bərqərar olması üzərində işləməlidirlər. Belə forumlar maneələrin aradan qaldırılması üçün əhəmiyyətli xarakter daşıyır”.
Finlandiya Xarici İşlər Nazirliyinin mədəniyyətlərarası və dinlərarası dialoq prosesləri üzrə səfiriPekka Metso ölkəsində fərqli dini icmaların nümayəndələrinin dəvət olunaraq onların problemlərinin hər zaman dinlənildiyini qeyd edib. Finlandiyada mədəniyyətlərarası dialoqun təşviq edilməsi sahəsində çoxsaylı seminarların təşkil olunduğunu bildirən P.Metso Bakı Forumunun mövzusunun aktuallığına toxunub.
Yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə minnətdarlığını bildirən Avstriyanın Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin mədəniyyət siyasəti üzrə baş direktoru Teresa İndjeyn BMT-nin Sivilizasiyalar Alyansının müxtəlif sahələri özündə birləşdirdiyini söyləyib. Səmərəli dialoqun müxtəlif dinlər arasında bugünkü diplomatiyanın mühüm aləti olduğunu diqqətə çatdıran T.İndjeyn dialoqun gücünün gündən-günə artdığını qeyd edərək deyib: “Biz, həmçinin dini liderlər və vətəndaş cəmiyyətləri arasında dialoqu təşviq etməliyik. Mətbuat bu sahədə ən vacib elementlərdəndir. Mətbuatda verilən doğru-düzgün məlumatlar bizim ideyalarımızın yayılmasına yardımçı ola bilər”.
İnklüziv cəmiyyətin formalaşdırılması üçün zorakılığın aradan qaldırılmasının vacibliyini deyən Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova ölkəsinin Bakı Bəyannaməsini alqışladığını bildirib. Məqsədə nail olmaq üçün israr nümayiş etdirməyin əhəmiyyətini qeyd edən səfir dini dözümsüzlük, radikallaşma meyillərinə qarşı hərtərəfli yanaşmanın vacibliyini vurğulayıb.
Pakistanın multikulturalizm ideyalarını dəstəklədiyini bildirən səfir Xalid Usman Qaiserölkəsində azlıqlar üzrə milli komissiyanın yaradıldığını diqqətə çatdıraraq deyib: “Dinlərarası ahəngdarlıq komitələri qurulub. Pakistanda Azlıqlar Günü qeyd olunur və hökumət tərəfindən onlara təqaüd ayrılır. Biz onlar üçün imkanları təmin etməyə çalışırıq. Bu baxımdan Pakistan BMT-nin Sivilizasiyalar Alyansının işinə töhfə verməyə hazırdır. Daha sülh sevər cəmiyyəti qura bilmək üçün biz hamımız birləşməliyik. Biz mədəniyyətlərarası dialoq vasitəsilə anlaşılmazlıq hallarını aradan qaldırmağa nail olmalıyıq. Mədəni müxtəliflik bütün ölkələrdə qorunub saxlanılmalıdır. Azərbaycan bunun ən yaxşı nümunəsidir”.
Qarşılıqlı anlaşmanın xalqlar arasında dərinləşdirilməsinin əhəmiyyətindən danışan Hindistanın Azərbaycandakı səfiri Sancay Rana bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının əsas prinsipləri olan təhsil, gənclərin inkişafı, mətbuatın obyektivliyi hər bir cəmiyyətdə təşviq edilməlidir. Bu, beynəlxalq ictimaiyyətin gördüyü ən vacib məsələlərdən biridir. Bütün bu məsələlər zorakı ekstremizmin aradan qaldırılması üçün vacib amillərdir.
İnklüziv cəmiyyətlərdə birgəyaşamanın əsas məqsəd olduğunu deyən Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çang-Gyu beynəlxalq ictimaiyyətin üzləşdiyi müxtəlif çağırışlardan danışaraq bildirib: “Biz qorxu, dinlər arasında dözümsüzlüyü müşahidə edirik. Dünyada hələ də miqrasiya böhranı davam edir. Zorakı ekstremizm daha çox baş qaldırır. Biz radikallaşmanın gənclər arasında yayılması səbəblərini araşdırmalıyıq. Bakı Bəyannaməsini imzalamaqla biz Alyansın dörd prioritet sahəsində görüləcək tədbirlərə tərəfdaş olduğumuzu bir daha bəyan etdik”.
İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət, sosial və ailə məsələləri departamentinin baş direktoru xanım Mehla Telebna müxtəlif incəsənət sahələrini inkişaf etdirməklə insanların mədəniyyətlərarası dialoq devizi altında yaşaya bilməsinin əhəmiyyətinə toxunub. İƏT-in əsas səylərini zorakılığa qarşı mübarizəyə yönəltdiyini qeyd edən M.Telebna qurumun demokratik təsisatların inkişaf etdirilməsi sahəsində işlədiyini bildirərək deyib: “Ayrı-seçkiliyə və ədavətə qarşı mübarizə aparılmalıdır. İƏT İstanbul Prosesinə dəstəyini ifadə edir. Dialoq mədəni müxtəlifliyə söykənməlidir. Ardıcıl və birgə səylər olmadan biz məqsədlərimizə nail ola bilməyəcəyik”.
Vətəndaşlar arasında inklüziv dialoqun formalaşdırılmasının mədəniyyətin və dinin daha geniş təbliğ olunmasına xidmət etdiyini deyən Taylandın Xarici İşlər Nazirliyinin müşaviri Çaisiri Anamaru qeyd edib ki, hər kəs sülh və tolerantlıq ideyalarının yayılmasında birgə işləməlidir. Biz istərdik ki, mədəniyyətlər arasında körpülər salınsın.
Hər kəs üçün bərabər şəraitin xüsusi əhəmiyyət kəsb etdiyini deyən Sloveniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə departament müdiri Blazka Kepiç bildirib ki, əsas diqqət gənclərə yönəldilməlidir. Gənclərin təhsilinə diqqət artırılmalıdır. Bu cür tədbirlərin görülməsi üçün BMT-nin təhsil proqramlarından yararlanmaq lazımdır. Sosial-siyasi məsələlərin araşdırılmasında qadınların iştirakı artırılmalıdır. Qadınlar mədəniyyətlərarası dialoqun təşviq edilməsi üçün bu prosesə qoşulmalıdırlar. Onlar xalqlar arasında bu dəyərlərin yayılmasına töhfələrini verməlidirlər. Daha çox müzakirə təşkil etməklə daha yaxşı qarşılıqlı anlaşmaya nail olacağıq.
Digər çıxış edənlər ekstremizmin bütün formalarının qarşısının alınmasının vacibliyini vurğulayıb, hər bir cəmiyyətin radikallaşmanın aradan qaldırılmasına çalışmalı olduğunu qeyd ediblər. Gənclərin bəzi mənfi təbliğat qarşısında zəif təbəqə olduğunu deyən natiqlər onların terrorçu qruplaşmalar tərəfindən istifadə olunmasının qarşısının alınması üçün hər bir hökumətin fəaliyyət planı hazırlamasının vacibliyini diqqətə çatdırıblar. Universal dəyərlərin, plüralizmin, mədəniyyətlər arasında qardaşlıq tellərinin təşviqinin davamlı inkişafda vacib amil olduğunu bəyan edən natiqlər Alyansa öz dəstəklərini bir daha bəyan ediblər.