Xəbərlər
Nizami Cəfərov: Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olub
«Azərbaycan Prezidentinin 2016-cı ili «Multikluturalizm ili» elan etməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, Azərbaycan xalqı yüz, hətta min illər boyu multikultural bir xalq kimi formalaşmış, Azərbaycanın tarixi coğrafiyası həmişə multikulturalizmin bütün dünyada əsas vətənlərindən biri olmuşdur». Bu fikirləri Milli Məclisin deputatı Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev tarixi ənənələrə istinad edərək multikulturalizmi Azərbaycan dövlətinin siyasəti səviyyəsinə yüksəltməklə həmin siyasətin geniş perspektivlərini, potensial imkanlarını da müəyyənləşdirib. Onun sözlərinə görə, bununla yanaşı beynəlxalq aləmdə get-gedə iqtisadi, ictimai-siyasi və mədəni nüfuzu güclənən Azərbaycanın əsas müəlliflərindən biri olduğu multikulturalizm siyasətini və ideologiyasını müasir dünyaya daha geniş miqyasda çatdırmasına böyük ehtiyac var.
«Multikulturalizm bəşəriyyət üçün genetik baxımdan təbii bir hadisə olmalıdır. İlk növbədə ona görə ki, bu gün bəşəriyyəti fərqləndirən mədəni xüsusiyyətlər tarixi diferensiasiyanın nəticəsidir. Həmin fərqliliklərin genetik əsasında kifayət qədər güclü eynilik dayanır ki, bu da müasir dövrdə sürətlə gedən inteqrasiya proseslərinin ümumi məntiqində əks olunur. Müstəqil Azərbaycan dövləti, nə qədər gənc olsa da, Azərbaycan xalqının, ümumən insanlığın zəngin tarixi birgəyaşayış təcrübəsinə əsaslanaraq, insanın və cəmiyyətin çoxspektrli mənəvi tələblərinin ödənilməsində ən humanist amil kimi insanın vətəndaşlıq dünyagörüşünün mükəmməllənməsini təmin edir. Bütövlükdə, Azərbaycan Respublikasının multikulturalizm siyasəti və təcrübəsi öz zəngin ənənələri ilə bütün dünyada öyrənilməyə tamamilə layiqdir»- deyə, N.Cəfərov vurğulayıb.