YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Zərifə xanım Əliyeva bütün həyatı boyu yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi

«Həyatda elə insanlar var ki, onlar hər hansı sahə, peşəyə bütün qəlbi ilə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir yolun başlanğıcını təşkil edir. Bizi fərəhləndirən əsas məqam odur ki,  belə insanlar içərisində qadın alim və ziyalılarımız çoxdur. Və illər sonra bu şəxsiyyətlərin həyatı, elmi fəaliyyəti bir nümunə kimi qalmaqda davam edir. Bu  görkəmli simalardan biri də ictimai xadim Zərifə xanım Əliyevadır». Bu fikirləri yap.org.az saytına Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.  

     H.Hüseynova bildirib ki,      tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva  aramızda olmasa da, BU  nurlu insanın işıqlı xatirəsi ürəklərdə yaşayır. Onun sözlərinə görə, xalqımız hər il aprelin 15-də  vəfatının ildönümünü, aprelin 28-də isə Zərifə xanımın doğum gününü dərin ehtiramla qeyd edir. 

«Zərifə xanım akademik Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər  və milli dəyərlər  üzərində qurulmuşdu. İnsan şəxsiyyətinin  formalaşması   onun əhatə olunduğu mühitdən asılıdır.  Zərifə xanım da çox nəcib  ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü. Belə bir mühitdə tərbiyə alan Zərifə xanım bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellekti, geniş dünyagörüşü ilə seçilirdi. O, təmkinli, səbrli, dözümlü və zəhmətsevər idi. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, sərrast düşüncələri, səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Onun həyatının   məqsədi   xeyirxahlıq idi. Elə həmkarlarına bu insandan  yadigar  qalan da  peşəsinə  sədaqət,  xəstələrə  həssas  münasibət  və  onları  həyata   qaytarmaq istəyidir.   Yüksək səviyyəli peşəkar kimi neçə-neçə insanın gözünə işıq verib, onları həyata qaytaran akademik Zərifə Əliyeva həmişə xüsusi qayğıya ehtiyacı olan tənha insanlara, kimsəsiz və yetim uşaqlara böyük diqqətlə yanaşırdı. Onun xatirəsini sadə xalqın yaddaşında ehtiramla yaşadan həm də bu mərhəmət və şəfqətdir. Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan qadınının problemlərinə böyük diqqət yetirməsində Zərifə xanımın şəxsi nümunəsi də mühüm rol oynayırdı. Güclü şəxsiyyət və dərin zəka sahibi Zərifə xanım Ulu Öndərə etibarlı mənəvi dayaq idi.  O, həmişə öz dərin elmi biliyini gənc alim və aspirantlarla bölüşür, əlindən gələn köməyi onlardan əsirgəmirdi. Gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərib»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.