Xəbərlər
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu işini davam etdirir
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aprelin 27-də işini davam etdirir.
Forumun üçüncü iş günündə BMT-nin Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclası davam edib.
Qlobal Forumun iştirakçıları bu gün baş tutacaq bölmə iclaslarında “Sülhün bərqərar edilməsi və terrorun aradan qaldırılması”, “Böhran dövründə hesabatvermə: yaradıcı hekayələr vasitəsilə miqrant həyatından bəhs edən hadisələrin nəqli”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Qlobal təhsil vasitəsilə inklüzivliyin və inteqrasiyaların təşviqi”, “Məzunların təqdimatı: BMT-nin Sivilizasiyalar Alyansının bütün əsas prinsiplərinin təsiri”, “Təhsil vasitəsilə zorakı ekstremizmin qarşısının alınmasına dair məqsədlər: inkişaf, müxtəliflik və dialoq naminə təhsil”, “Bakı Prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Mətbuat peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzularında müzakirələr aparacaq, təkliflər səsləndirəcəklər.
Forumun bu gün keçiriləcək ikinci plenar iclası “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusuna həsr olunub. BMT-nin Müxbir Assosiasiyasının prezidenti Giampaolo Piolinin moderatorluğu ilə keçiriləcək plenar iclasda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Sloveniyanın keçmiş Prezidenti Danilo Türk, Qazaxıstan parlamenti Senatının Sədri Kasım-Jomart Tokayev və başqaları çıxış edəcəklər.
Forum çərçivəsində Anlaşma Memorandumu imzalanacaq, mətbuat konfransı keçiriləcək.
Bağlanış mərasimindən sonra Heydər Əliyev Sarayında müxtəlif sivilizasiyalara həsr olunmuş konsert proqramı təqdim ediləcək.