Xəbərlər
Bakıda Mədəniyyətlərarası innovasiya mükafatının təqdim edilməsi mərasimi olub
Aprelin 26-da Heydər Əliyev Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Mədəniyyətlərarası innovasiya mükafatının təqdim edilməsi mərasimi keçirilib.
Mərasimdə BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək dünyada mədəniyyətlərarası dialoqun önəmini bir daha vurğulayıb.
Mədəniyyətlərarası dialoq və insanlar arasında qarşılıqlı anlaşmanın əhəmiyyətinə toxunan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi dünyada insanların qarşılıqlı hörmət əsasında yekdil münasibətlərinin qorunub saxlanılmasının vacibliyini vurğulayıb.
“Bir çox sahələrdə inkişafa baxmayaraq, biz hələ də təəssüf doğuran hadisələrlə qarşılaşırıq. Mədəniyyətlərin qütbləşməsi, mədəniyyətlərarası ziddiyyətlər kimi mənfi halların qarşısının alınması ilə yanaşı, mədəniyyətlər və dinlər arasında körpü qurmaq, dialoq yaratmaq, müxtəlifliyi təbliğ etmək Alyansın əsas missiyasıdır. Bizim dünyamız sürətlə dəyişir. Sülhü qoruyub saxlamaq üçün innovativ olmalıyıq, baryerləri, etimadsızlığı aradan qaldırmalıyıq”, - deyə Nasir Əbdüləziz Əl-Nasir diqqətə çatdırıb.
“BMW Group”un kommunikasiya strategiyası, korporasiya və market əlaqələndirilməsi üzrə vitse-prezidenti Bill Mak Endryus çıxış edərək Forum çərçivəsində müzakirə olunan məsələlərin mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. O, “Mədəniyyətlərarası innovasiya mükafatı”nın mədəniyyətlər arasında anlaşmanın daha geniş miqyasda təbliği üçün növbəti uğurlu addım olacağını vurğulayıb.
Daha sonra Sivilizasiyalar Alyansının fəaliyyətinə töhfə verən iştirakçılara mükafatlar təqdim edilib.
Mərasim Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestrinin konsert proqramı ilə davam edib.