YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: İnklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir

Bu gün inklüziv cəmiyyət bəşəriyyət qarşısında duran əsas çağırışlardan biridir. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumunda çıxışında deyib. /Trend/

Nazir qeyd edib ki, inklüziv cəmiyyət yoxsul, fiziki və əqli məhdudiyyəti olan insanların və cəmiyyətin digər həssas qrupunun maddi imkanının yaradılması, onlara sosial xidmətlərin göstərilməsi və rifahının artırılmasını nəzərdə tutur. Dünyada inklüziv cəmiyyətin inkişafı üçün bir sıra layihələr həyata keçirilir.

Bu gün Cənubi Qafqaz regionunun inkişafında ən böyük maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu qeyd edən nazir əlavə edib ki, münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal olunub: "1 milyondan çox qaçqın və məcburi köçkünü normal həyat şəraiti ilə təmin etmək vəzifəsi ilə üzləşmiş Azərbaycan bu problemin nə qədər ağır olduğunu və onun həllinin nə qədər böyük səylər tələb etdiyini aydın anlayır. Ölkəmiz bu məqsədlərə böyük vəsaitlər yönəltməklə bərabər, beynəlxalq təşkilatlarla da bu sahədə əməkdaşlıq edir".

Nazir bildirib ki, BMT strukturlarının dəstəyi ilə Azərbaycanda inklüziv cəmiyyətin formalaşması, o cümlədən qaçqın və məcburi köçkünlərin, əlillərin, qadınların və digər həssas qrupların rifahının yüksəlməsinə yönəlmiş layihələr icra olunub.

Ş.Mustafayev vurğulayıb ki, yoxsulluğun aradan qaldırılmasının ən səmərəli yolu kimi layiqli iş yerlərinin yaradılmasında özəl sektorun rolu danılmazdır: "Bir sıra beynəlxalq qurumların hazırladığı hesabatlara, əsasən inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin təqribən 90 faizi məhz özəl sektor tərəfindən təmin edilir. Buna görə özəl sektorun bu funksiyanı yerinə yetirə bilməsi üçün hökumətlər əlverişli biznes və investisiya mühiti yaratmalı, sahibkarlığın inkişafı üçün müxtəlif təşviq tədbirləri tətbiq etməlidirlər. Beynəlxalq yardım proqramları da əsasən əlverişli biznes mühitinin yaradılmasına istiqatmətlənməlidir. Bu baxımdan Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, şəffaf inzibati tənzimləmə və dəstək mexanizmlərinin tətbiqi, layihələrin birgə maliyyələşdirilməsi və risklərin bölüşdürülməsi və digər sahələrdə uğurlu təcrübə mövcuddur".

Nazir bildirib ki, son 10 il ərzində ölkəmizdə təxminən 1,5 milyon iş yeri açılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə təxminən 8 dəfə azalaraq 4,9 faizə enib: "Biz məmnuniyyətlə bu təcrübəmizi bölüşməyə hazırıq. Özəl sektorun bu sahədəki fəaliyyət istiqamətlərinə gəldikdə hesab edirik ki, layihələr əhalinin yoxsul və müdafiəyə ehtiyacı olan təbəqələrini əmək fəaliyyətinə daha çox cəlb etməli, iri investisiya layihələri daha çox yoxsul əhalinin məskunlaşdığı ərazilərdə cəmiyyətin bütün üzvlərinin rifahına xidmət edəcək tərzdə həyata keçirilməlidir".