Xəbərlər
Azad Rəhimov: Gənclərin təşəbbüs və təklifləri dünyada mövcud problemlərin həllinə mühüm töhfə verə bilər
Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün problemləri ilə üzləşib. Dünyada yaranan münaqişə ocaqlarına xeyli sayda gənclərin qoşulması sülh çağırışlarına zidd olmaqla yanaşı, sabitliyə də ciddi təhdiddir. Dünyada davamlı inkişaf üçün heç kimi geridə qoymayaraq bərabər inkişafa nail olmalıyıq.
Bu fikirləri Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunda çıxış edərkən səsləndirib.
Müasir dövrdə terrorçu qruplaşmaların fəaliyyətinin gücləndiyini və onların ciddi təhlükəyə çevrildiklərini deyən Azad Rəhimov bildirib ki, beynəlxalq ictimaiyyət bu problemlərin qarşısını almaq üçün səmərəli tədbir görə bilmir. İyirmi ildən artıqdır ki, Azərbaycanın da ərazilərinin 20 faizi işğal altındadır.
Tədbir iştirakçılarının Forumun keçirildiyi müddətdə Azərbaycanın zəngin mədəniyyəti, qədim tolerantlıq ənənələri, multikultural dəyərləri ilə tanış olacaqlarını bildirən nazir gənclərin irəli sürdüyü təşəbbüs və təkliflərin dünyada mövcud problemlərin həllinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.