Xəbərlər
Xarici İşlər Nazirliyi: Azərbaycan beynəlxalq ictimaiyyəti BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin icrasını tələb etməyə çağırır
Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafında davam edən hərbi münaqişə Azərbaycan ərazilərinin təqribən beşdə birinin işğalı və ölkə əhalisinin hər doqquz nəfərdən birinin məcburi köçkün və ya qaçqın olması ilə nəticələnib. Ermənistan Respublikası Azərbaycana qarşı müharibənin başladılması və gücdən istifadə etməklə onun torpaqlarının işğalı, eləcə də kütləvi etnik təmizləmənin həyata keçirilməsi və münaqişə dövründə digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, beynəlxalq ictimaiyyət sərt şəkildə Azərbaycana qarşı hərbi gücdən istifadəni və onun torpaqlarının işğalının nəticələrini ardıcıl formada qınayıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib, Azərbaycana qarşı gücdən istifadəni və onun ərazilərinin işğalını pisləyib, eyni zamanda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü, o cümlədən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edib. Bu qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi təsdiq edib və işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da buna oxşar sənədlər qəbul edib.
Beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə etinasızlıq və beynəlxalq hüququn kobud şəkildə pozulması şəraitində Ermənistan işğala əsaslanan hazırkı status-kvosunu qoruyub saxlamağa, işğal olunmuş ərazilərdə öz hərbi mövcudluğunu gücləndirməyə, ərazilərin demoqrafıq, mədəni və fiziki xarakterini dəyişməyə, zorla məcburi köçkün edilən yüz minlərlə azərbaycanlının doğma torpaqlarına qayıtmasının və bu ərazilərdəki mülkiyyətinə sahib olmasının qarşısını almağa xidmət edən cəhdlərini davam etdirir.
Bununla yanaşı, davamlı şəkildə atəşkəsin pozulması, azərbaycanlı mülki əhalinin həlak olması və yaralanması ilə nəticələnən Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin təmas xətti boyunca və hər iki dövlətin sərhədində yerləşən Azərbaycan şəhərləri və kəndlərinə hücumlar son dövrlər daha intensiv və zorakı xarakter alıb.
Azərbaycan Respublikası bu xüsusda öz qəti etirazını və ciddi narahatçılığını dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb və dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikası onu da dəfələrlə bəyan edib ki, onun ərazilərinin hərbi işğalı həll yolu deyildir və heç zaman Ermənistanın arzu etdiyi siyasi nəticələrlə yekunlaşmayacaqdır.
Ermənistanın hücum xarakterli əməlləri həmçinin, Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanmasına səbəb oldu. 10 aprel 2016-cı il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəflər arasında son gərginliyin ardınca həlak olmuş şəxslərin cəsədlərinin təhvil verilməsi məsələsinə köməklik göstərdi. Sonradan həyata keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində Azərbaycan hərbi qulluqçularının cəsədlərində ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınıb.
Ermənistan qəsdən həyata keçirdiyi hücum fəaliyyəti ilə 1994-cü ildə əldə edilmiş atəşkəs rejimini sarsıdıb və münaqişənin sülh yolu ilə həlli perspektivlərini zərbə altına qoyub. 5 aprel 2016-cı il tarixində Rusiya Federasiyasının vasitəçilik səyləri ilə Ermənistan və Azərbaycan arasında atəşkəs barədə razılığa gəlindi. Buna baxmayaraq, Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və qoşunların təmas xətti boyunca yerləşən şəhər və kəndlərini iri-çaplı silahlar, minaatanlar, qumbaraatanlar və artilleriyadan atəşə tutmaqla o razılaşmanı pozmaqda davam edir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüququ kobud şəkildə pozduğuna görə Ermənistanı qınamağa və BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində onun ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər. Azərbaycan Respublikası münaqişənin siyasi yolla nizamlanmasına nail olunması və regionda sülh və ədalətin təmin olunması üçün səylərini əsirgəməyəcəkdir.