Xəbərlər
Zaur Əliyev: İcbari tibbi sığorta sisteminə keçid səhiyyə sahəsində islahatların mühüm tərkib hissəsidir
«Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyədə də islahatlar aparılır. İcbari tibbi sığorta sisteminə keçid də bu islahatların mühüm tərkib hissəsidir». Bu fikirləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.
Z.Əliyev bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə bütün sahələrdə olduğu kimi səhiyyə sahəsində də islahatlar aparılır. Onun sözlərinə görə, icbari tibbi sığorta əsasən səhiyyənin maliyyələşməsi ilə bağlıdır.
«Hazırda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb və təşkilati məsələlərin böyük bir hissəsi artıq öz həllini tapıb. Bizimlə yerli və xarici mütəxəssislər çalışır. Yaxın beş həftə ərzində icbari tibbi sığorta sisteminin modelin əsas mərhələlərini müəyyən edəcəyik. Azərbaycanda hazırda pulsuz səhiyyə xidməti mövcuddur və vətəndaşlarımız bundan yararlana bilirlər. Sadəcə təcrübə onu göstərir ki, dövlət tərəfindən ayrılan vəsait bu işlərin həyata keçirilməsi üçün kifayət deyil. Ona görə də bəzi neqativ hallar müşahidə edilir. Amma icbari tibbi sığortanın tətbiqi zamanı səhiyyə sahəsinə daha çox vəsait ayrılacaq. Biz istəyirik ki, keçid dövrünü vətəndaşlarımız rahat şəkildə keçə bilsinlər. Ekspertlərlə məhz bunun üzərində işləyirik. Bu pilot layihə də ola bilər. Pilot layihə konkret region və yaxud da sosial qruplar üçün həyata keçirilə bilər. Təkliflər var ki, hansısa xəstəliyə aid edilsin və ya xəstəxana şəbəkəsində tətdbiq olunsun. Yaxın vaxtlarda bütün sualların cavabı veriləcək və ictimaiyyət məlumatlandırılacaq»- deyə, direktor vurğulayıb.