Xəbərlər
Azay Quliyev: Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır
«Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır». Bu fikri Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev deyib.
A.Quliyev bildirib ki, hazırda nəinki Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri, həmçinin mülki yaşayış məntəqələri də Ermənistan tərəfinin hücumuna məruz qalır. Ona görə də hazırkı vəziyyət ATƏT tərəfindən qətiyyətli addımların atılmasını tələb edir.
«Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirərək orada yaşayan bütün azərbaycanlıları qovubdur. Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinə aidiyyatı olmayan ətraf 7 rayonu işğal edib və oradakı yüz minlərlə əhalinin didərgin salıbdır. Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz olaraq Ermənistandan və xaricdən erməniləri gətirərərk məskunlaşdırıb, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni abidələri məhv edib və ya özününküləşdirib, işğal etdiyi ərazidə beynəlxalq hüquqa zidd olaraq iqtisadi, maliyyə və digər qanunsuz fəaliyyət həyata keçirir. Ermənistan tarixdə indiyə kimi olmayan bir presedentə əl ataraq ilk növbədə ərazini işğal edir, oradakı azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyur və sonra da saxta referendum keçirtməklə Dağlıq Qarabağın siyasi taleyini həll etmək istəyir. Hər kəs Ermənistanın bölgədə törətdiyi cinayət əməllərini görməlidir»- deyə, A.Quliyev qeyd edib.