Xəbərlər
İsrailli ekspert: Prezident İlham Əliyevin AŞPA-da çıxışı Azərbaycanın çoxvektorlu, sərbəst və müstəqil xarici siyasət strategiyasının parlaq əksi və əsl sübutu oldu
Amerikanın tanınmış dövlət xadimi, vaxtilə ABŞ-ın dövlət katibi olmuş Henri Kissincer demişdir ki, diplomatiya gücü cilovlamaq məharətidir. Azərbaycan Prezidentinin Avropa Şurası Parlament Assambleyasının sessiyasında parlaq və inamlı çıxışı Azərbaycan Respublikasının son 20 ildə yürütdüyü çoxvektorlu, sərbəst və müstəqil xarici siyasət strategiyasının parlaq əksi və əsl sübutu oldu. İsrailli ekspert Arye Qut bu barədə fikrini AzərTAc-a bildirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq birlik tərəfindən Cənubi Qafqaz regionu ölkələrinə münasibətdə fərqli yanaşma mövcud olduğunu bildirərək, ikili standartlar siyasətindən əl çəkməyə çağırmışdır. İlham Əliyev demişdir: “Ölkəmiz regionda sabitləşdirici rol oynayır, çünki Azərbaycanın potensialı artır. Regional əməkdaşlığa aid təşəbbüslərimiz qonşularımız tərəfindən dəstəklənir”.
Azərbaycan Prezidenti bildirmişdir ki, müxtəlif ölkələrə fərqli yanaşma məsələsi Azərbaycanın Avropa Şurasında sədrliyi dövründə xüsusi diqqət yetiriləcək mövzulardan biri olacaqdır.
Azərbaycan dövlətinin başçısının sözlərinə görə, dünya ölkələrinin əksəriyyəti Azərbaycana etimad bəsləyir və onu etibarlı tərəfdaş hesab edir. Lakin təəssüf ki, Azərbaycana münasibətdə təcavüzkar siyasət yeridən ölkələr də var, biz bu siyasətlə barışmaq fikrində deyilik. Azərbaycan Prezidenti demişdir: “Dağlıq Qarabağ Azərbaycanın tarixi tərkib hissəsidir. Azərbaycanlılar Dağlıq Qarabağda əsrlər boyu yaşayıblar. Ermənilər bu yerlərdə 200 ildən az müddət öncə yaşamağa başlayıblar. Tarixi abidələr, Dağlıq Qarabağdakı irsimiz, əfsuslar ki, hazırda erməni işğalçı ordusu tərəfindən dağıdılıb. Münaqişə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalı ilə nəticələnib.
BMT-nin Təhlükəsizlik Şurası erməni işğalçı qüvvələrin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr icra edilməyib. Bu, bir daha ikili standart siyasətini göstərir, çünki bəzən görürük ki, BMT-nin qətnamələri bir neçə saat ərzində icra edilir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın hissəsi kimi tanıyır. Yəni doğrudanmı, ermənilərin yaşadığı hər bir dövlət erməni dövləti olmalıdır? Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa nə ehtiyac var? Biri kifayətdir”.
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Ermənistanın pozucu mövqe tutması Azərbaycanı başqa təzyiq və pressinq vasitələrindən istifadə etməyə məcbur edir. Azərbaycan diplomatiyasının danışıqlar prosesində iştirak etməsi faktı hələ son ümidin qalmasına dəlalət edir. lakin ərimə prosesinin də sonu olur. Biz Azərbaycanın müdafiə məqsədləri üçün xərcləri barədə yaxşı bilirik. Bu onu göstərir ki, Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ümidlər tədricən əriyib gedir. Dağlıq Qarabağda 22 il ərzində davam edən status-kvo rəsmi Yerevanı tamamilə qane edir, Azərbaycan haqqında isə bunu demək olmaz. Prezident İlham Əliyev bir neçə il bundan əvvəl Azərbaycanın hərbi xərclərini Ermənistanın bütün xərclərinə bərabərləşdirmək vəzifəsini qarşıya qoymuşdur. Bu vəzifə artıq gerçəkləşmişdir. Bu gün Azərbaycanda hərbi xərclərə sərf edilən vəsait Ermənistanın bütün büdcəsindən 50 faiz artıqdır.
İsrailli ekspert qeyd etmişdir ki, Azərbaycan dövlətinin başçısının bu bəyanatları bir daha sübut edir: Azərbaycan xarici siyasət arenasında öz müstəqil davranışı ilə sübut etmişdir ki, dünyada heç bir ölkə və heç bir iri beynəlxalq təşkilat ona başqa dövlətlərlə və təşkilatlarla necə işləməyi, necə əməkdaşlıq etməyi diktə edə bilməz. İlham Əliyev bu baxımdan Azərbaycanın son illərdə qazandığı nailiyyətləri vurğulamış, bu uğurlar arasında iqtisadi inkişafın yüksək sürətini, diplomatiya sahəsində, insan potensialının möhkəmlənməsində böyük uğurları xüsusi qeyd etmişdir. Bu gün Cənubi Qafqazla bağlı bir sıra analitiklər və ekspertlər etiraf edirlər ki, Azərbaycan Cənubi Qafqazda cərəyan edən geosiyasi və geoiqtisadi proseslərin şəksiz lideridir. Azərbaycan regionun lider dövləti kimi özünü tamamilə təsdiqləmişdir, Cənubi Qafqazda heç bir geosiyasi və geoiqtisadi layihə onsuz həyata keçirilə bilməz. Qeyd etmək lazımdır ki, Cənubi Qafqazda Azərbaycanın geosiyasi rolunun güclənməsi həm də qlobal enerji təhlükəsizliyi sistemində rəsmi Bakının rolunun möhkəmlənməsinin nəticəsidir. Bu, danılmaz faktdır ki, Bakı-Tbilisi-Ceyhan kimi böyük geosiyasi neft layihəsi dünya karbohidrogenlər bazarında Azərbaycanın sanballı aktor ölkələrdən birinə çevrilməsinə imkan vermişdir.
Prezident İlham Əliyev demokratik təsisatların fəaliyyətinin, dini etiqad azadlığının təmin edilməsi sahəsində işin yüksək səviyyədə olmasını vurğulayaraq qeyd etmişdir ki, Azərbaycanda əsrlər boyu tolerantlıq ab-havası qorunub saxlanır. O demişdir ki, bu gün Bakı dünyada əsas multikulturalizm mərkəzlərindən biridir, Azərbaycan 2008-ci ildə Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısında başlamış Bakı prosesinin təşəbbüskarı olub.
Arye Qut demişdir: “Mən İsrail vətəndaşı və İsrail-Azərbaycan “Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü kimi qürurla qeyd etmək istəyirəm ki, İsrail dövləti Azərbaycanda yəhudi icmasının inkişafına xüsusi əhəmiyyət verir. İsrail dövləti Azərbaycanın 20 minlik yəhudi icmasına səmimi münasibətin qorunub saxlanmasında Azərbaycan Prezidentinin və ölkənin birinci xanımının rolunu yüksək qiymətləndirir. Bu, danılmaz tarixi faktdır ki, Azərbaycanda antisemitizm yoxdur və heç vaxt olmamışdır, biz, əslən bu ölkədən olanlar bu tolerantlıq və dini dözümlülük amilinə görə fəxr edirik. Prezident Əliyev bu məqamı çox peşəkarcasına, həqiqətən Azərbaycanın bir nömrəli diplomatı kimi vurğulayaraq göstərmişdir ki, bu gün Azərbaycan tolerantlıq siyasəti yürüdür, bütün dünyaya sübut edir ki, ölkə ərazisinin 20 faizinin qonşu dövlət tərəfindən işğal edilməsi Azərbaycanın əsl sivilizasiyalararası dialoq nümunəsi və bütün xalqların, bütün konfessiyaların nümayəndələrinin sülh şəraitində yaşadığı bir məkan kimi qalmasına mane olmur”.
Onun sözlərinə görə, universal nümunə kimi Azərbaycanın şimalındakı Qırmızı Qəsəbəni göstərmək olar. Bu, bütün dünyada yəhudilərin yığcam şəkildə yaşadığı yeganə və unikal yerdir. Bu tarixi məkan həqiqətən Azərbaycanın fəxridir.
İsrailli ekspert demişdir: “Mən bir faktı bütün dünyada yorulmadan və fəxrlə qeyd edirəm ki, son dörd ildə Azərbaycan Prezidentinin və birinci xanımın himayəsi ilə Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi və iki sinaqoq tikilmişdir, bu fakt özü hər şeyi deyir”.