YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın bir sıra şəhərlərində Ermənistanın işğalçı siyasətinə qarşı etiraz aksiyaları keçirilib

Son günlərdə Ermənistan-Azərbaycan cəbhə xəttində erməni təxribatlarına və torpaqlarımızın 20 ildən çoxdur düşmən tapdağı altında qalmasına etiraz olaraq, aprelin 9-da ABŞ-ın Texas ştatının azərbaycanlı və türk icmalarının üzvləri Hyuston şəhərinin mərkəzində Azərbaycan əsgərinə dəstək aksiyası keçiriblər.

Təxribatçı düşmənə sarsıdıcı zərbə vuran və bir neçə strateji məntəqə və yüksəkliyi azad edən Azərbaycan Ordusuna dəstək olaraq nümayişçilər “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını səsləndiriblər.

Çıxış edən aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin həlak olmasından, onların əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Bundan əlavə, onlar ABŞ dövlət icraedici qurumlarını Ermənistanın təcavüzünü qətiyyətlə pisləməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra olunmasını tələb etməyə çağırıblar.

Aksiyada 70-dən çox nümayişçi iştirak edib.

İki saat davam edən aksiya zamanı Hyuston şəhərinin sakinləri nümayişçilərin plakatlarında Ermənistanın təcavüzünü əks etdirən faktlarla tanış olublar. Aksiyanın sonunda nümayişçilər torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı ABŞ-ın digər şəhərlərində də analoji etiraz aksiyaları keçirilib. Amerikanın Azərbaycan icmasının üzvləri Çikaqo, Nyu-York və Boston şəhərlərində Amerika ictimaiyyətini məlumatlandıran tədbirlər təşkil ediblər. Həmyerlilərimiz bu şəhərlərin mərkəzi küçələrində Ermənistanın işğalçı siyasətini pisləyən şüarlar səsləndirib, Azərbaycanın himnini ifa ediblər.