YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə xəttində erməni silahlı qüvvələrinin təxribatlarına qarşı Londonda aksiya keçirilib

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı və Britaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının dəstəyi ilə Londonda Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrində mülki əhalini hədəfə alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

Etiraz aksiyasında azərbaycanlı və türk diaspor nümayəndələri ilə yanaşı, Azərbaycanı dəstəkləyən digər ölkələrin də xeyli sayda nümayəndəsi iştirak edib.

Əllərində erməni faşistlərinin dinc sakinləri amansız işgəncələrlə qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatlar tutan 300-ə yaxın aksiya iştirakçısı işğalçının cəzalandırılması, azərbaycanlıların soyqırımına beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymət verilməsi barədə çağırışlar edib, “Rədd olsun erməni terrorizmi!”, “Biz ədalət tələb edirik”, “Biz sülh istəyirik”, “Sarkisyan terrorçudur”, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndiriblər.

Trafalqar meydanında başlayan yürüş Böyük Britaniya Baş nazirinin ofisinin qarşısında mitinqlə davam edib.

Aksiya çərçivəsində Böyük Britaniyanın Baş naziri Devid Kamerona ünvanlanmış bəyanat səsləndirilib.

Jurnalistlərə müsahibə verən AAC-ın direktoru Lionel Zetter son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, təmas xətti yaxınlığında dinc əhalini hədəf alan təxribatçı cəhdlərin törədilməsini pisləyib. Bildirib ki, Ermənistan silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə əməl edərək, Azərbaycan torpaqlarından qeyri-şərtsiz və dərhal çıxmalıdır.

Britaniyada yaşayan azərbaycanlı hüquqşünas Kamran Balayev həmvətənlərimizin böyük ruh yüksəkliyi ilə aksiyada iştirak etdiyini deyib. Ermənilərin hər vasitə ilə çirkin əməllərini davam etdirdiklərini bildirən hüquqşünas, Parisdə dinc aksiyaçılarımıza qarşı törədilən təxribatı nümunə göstərib, həmvətənlərimizin əzmini heç vaxt qıra bilməyəcəklərini diqqətə çatdırıb.

AAC-ın diaspor departamentinin rəhbəri Orxan Amaşov bu mübarizənin sadəcə Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, dünyada yaşayan bütün soydaşlarımızın mübarizəsi olduğunu vurğulayıb.

Diqqətə çatdırılıb ki, bu, həm də bir informasiya müharibəsidir. Erməni tərəfi hər vasitədən istifadə edərək dezinformasiyalarla dünya ictimaiyyətini aldatmağa çalışır. Lakin Azərbaycan artıq güclüdür, mübarizəmizi bütün sahələrdə aparmağa qadirik və günbəgün qələbəyə yaxınlaşırıq. Son hadisələr də ölkəmizin qələbəyə nə qədər yaxın olduğunu bir daha sübut etdi.

Aksiya Azərbaycanın Dövlət Himninin oxunması ilə başa çatıb.