YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: İşğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var

“Bu gün bizim qəhrəman döyüşçülərimiz Vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirirlər. Bu günlər bütün xalqımız həm qələbə sevinci, qələbə duyğusu, eyni zamanda, kədər hissi yaşayır.” Bu fikirləri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 7-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından Heydər Məscidində ermənilərin təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan hərbçilərin ruhuna təşkil olunan ehsan mərasimində çıxışı zamanı söyləmişdir.

Qəhrəmanlıqla şəhid olan hərbçilərin analarına “mən bir ana kimi sizin qarşınızda baş əyirəm.”-deyə, müraciət edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bildirmişdir: “Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin. Azərbaycan dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün artıq 20 ildən çoxdur ki, bütün səylərini göstərir. Biz istəyirik ki, torpaqlarımız azad edilsin. Biz istəyirik ki, insanlarımız öz doğma yurdlarına qayıtsın. Biz işğalçı deyilik. Biz işğalçı ilə mübarizə aparan millətik. Bizim heç bir başqa millətin, başqa xalqın torpağında gözümüz yoxdur. Biz, sadəcə, öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Bu həqiqəti bütün dünya bilir və artıq qəbul etməlidir. Ədalətsiz, işğalçı siyasətin qarşısını almaq üçün bizim qəhrəman ordumuz, qəhrəman övladlarımız var. Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir.”

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qeyd etmişdir: “Əziz analar, sizin qəlbinizdə yaşayan ağrı və kədər əminəm ki, hər bir Azərbaycan qadınının ürəyində yaşayır. Bir daha çox sağ olun. Çox sağ olun ki, belə övladlar böyütmüsünüz. Çox sağ olun ki, ömrünüzün ən ağır anlarını belə ləyaqətlə qəbul edirsiniz. Mən əminəm ki, ədalət bərpa olunacaq. Azərbaycan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bütün qaçqınlarımız, məcburi köçkünlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Bunun üçün biz güclü və birgə olmalıyıq. Əminəm ki, biz bu sınaqdan da birgə şərəflə çıxacağıq. Allah hər zaman Azərbaycanı qorusun!”