YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin dondurulmuş münaqişə olmadığını başa düşdü

«Cəbhə xəttində baş verən hadisələrlə əlaqədar bütün Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında birləşərək öz mövqeyini ortaya qoyub. Bu gün xalqımızda böyük ruh yüksəkliyi var və insanlar döyüşmək üçün  könüllü şəkildə cəbhə bölgəsinə getmək üçün müraciətlər edirlər. Ordumuzun son günlər qazandığı uğurlar hamıda böyük ruh yüksəkliyi yaradıb».  Bu fikirləri  YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, artıq beynəlxalq təşkilatlar Dağlıq Qarabağ probleminin  dondurulmuş münaqişə olmadığını başa düşdü. Onun sözlərinə görə, dondurulmuş münaqişə sülh demək deyil, bu münaqişə hər an başlaya və çox ağır nəticələri ola bilər.  Millət vəkili deyib ki, münaqişə ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində məqsədli şəkildə uzadılıb.

«Ermənistan arxayın idi ki, münaqişə nə qədər uzanacaqsa Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ, eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq. Lakin baş verənlər bunun tam əksini göstərdi. Gənclərimiz əllərində Azərbaycan bayrağı tutaraq döyüşə hazır olduqlarını göstərdilər. Bundan başqa Ermənistan rəhbərliyi əhalinin başını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə qatmağa çalışırdı. İşğalçı ölkə əhalisini arxayın edirdi ki, əgər bizə qarşı hər hansı addım atılarsa, digər dövlətlər bu məsələyə qarışacaq. Lakin həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhalisi arasında yaranan mifi birdəfəlik sındırdı. Hazırki vəziyyət isə ermənilərin nə qədər qorxu içində olduğunu göstərir. Ermənistan Azərbaycanla üz-üzə gəlmək üçün heç bir gücə-qüvvəyə malik olmadığını anladı. Bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq. Ölkə başçısı hər zaman bəyan edib ki, Cənubi Qafqazda ən güclü ordudur. Bu, bir daha sübut olundu. Əldə olunan nailiyyətlərə görə, ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz əsgərik və Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.