Xəbərlər
Ziyafət Əsgərov: Ermənistan tərəfi heç zaman atəşkəs rejiminə əməl etməyib
«Ermənistan tərəfi heç zaman atəşkəs rejiminə əməl etməyib. 1994-cü ildən keçən müddət ərzində hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub. Neçə illərdir ki, Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Atəşkəs rejimi pozulsa da, danışıqlara gedirdik. Son illər dəfərlərlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmağa cəhd edirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər həddlərini aşırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirlər». Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bugünkü iclasında deyib.
Z.Əsgərov bildirib ki, ATƏT-in Minsk qrupu nə qədər bəyanat versə də, əməldə heç bir iş yoxdur. Onun sözlərinə görə, əslində həmsədrlərin ermənilərə dayaq olduğu aydınlaşır.
«Təəssüf ki, bu belədir. Halbuki, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Bu halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Düşmən tərəfi Azərbaycan ordusunun praktik gücünü gördü. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb və xalqımız ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif sabun köpüyü kimi əriyib getdi. Bir daha sübut etdi ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil orudusu və silahı yoxdur. Onlar sadəcə kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki erməni tərəfi hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Beynəlxalq təşkilatların bundan sonrakı fəaliyyətinə baxacağıq və bunun üçün də ayrıca qiymətimiz olacaq»- deyə, birinci vitse-spiker vurğulayıb.