Xəbərlər
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Assambleyanın sədrinə müraciət ünvanlayıb
Azərbaycana məxsus əraziləri, o cümlədən Dağlıq Qarabağı işğal etmiş erməni silahlı birləşmələri aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində Azərbaycanın dinc əhalisinə qarşı növbəti təxribatçılıq əməli törədiblər. Dünya ictimaiyyəti bilməlidir ki, ermənilərin dinc əhaliyə qarşı davamlı təxribatçı əməlləri azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə dinc yaşamalarının mümkünsüzlüyü barədə fikir formalaşdırmaq məqsədi daşımaqla yanaşı, bütün beynəlxalq vasitəçilərin də dəyişdirilməsinin tərəfdarı olduğu mövcud status-kvonu saxlamaq niyyəti güdür.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, bu fikirlər Azərbaycan parlamentinin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Assambleyanın sədri Pedro Aqramunta müraciətində yer alıb.
Müraciətdə bildirilir ki, bu cinayətkar təxribatın vaxtı və tarixi təsadüfi seçilməyib. AŞPA-nın yeni rəhbərliyinin və Azərbaycan Prezidentinin birgə səyləri nəticəsində erməni lobbisi tərəfindən süni şəkildə yaradılmış Azərbaycanda “siyasi repressiyalarla” bağlı mif – “demokratik Artsax” və “avtoritar Azərbaycan”ın uyğunsuzluğunu isbat etmək məqsədilə yaradılmış uydurma fikir duman kimi dağıldı.
Prezidentin əfv fərmanları, Azərbaycan məhkəmələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin məhkəmə zalındaca azad edilməsi ilə bağlı müstəqil qərarları, QHT-lərin fəaliyyəti üçün bütün mümkün maneələrin aradan qaldırılması, hökumətin liberal iqtisadi islahatları və bir çox başqa hadisələr beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmağa, onu aldatmağa çalışanların planlarını alt-üst etdi.
Müraciətdə deyilir: “Sizin ölkəmizə xanım Moqerinin səfəri ilə üst-üstə düşən səfəriniz zamanı şahidi olduğunuz Azərbaycanın xarici siyasətdəki uğurları - Avropa İttifaqı ilə münasibətlərdə müsbət niyyəti, Azərbaycan Prezidentinin nüvə təhlükəsizliyi ilə bağlı sammitlə əlaqədar Vaşinqtona səfəri zamanı ABŞ-ın liderləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində Azərbaycanın mövqeyinin rəsmi olaraq dəstəklənməsi faktlarını da buraya əlavə etsək, onda görərik ki, regionda vəziyyətin qeyri-stabilləşməsi kimlərə sərf edir. Bölgənin od-alov içərisində olmasında, Cənubi-Şərqi, o cümlədən bütün Avropanın enerji təminatı və siyasi stabilliklə bağlı geostrateji planlarından birdəfəlik çıxarılmasında kimlər maraqlıdır”.
Qeyd edilir ki, hər bir hərbi münaqişə, hər şeydən əvvəl, insan tələfatıdır. Bu gün ermənilərin təxribatları nəticəsində Azərbaycan və erməni əsgərlərin analarının gözləri yaşlı qalıb. Ermənistan hökumətinin avantürist hərəkətləri, süngü hesabına uzun müddət hakimiyyətdə qalmağın mümkünsüzlüyünü və günahsız öldürülənlərə, aldadılanlara görə gec-tez cavab verməli olacaqlarını başa düşmək istəməməsi nəticəsində gənc insanlar həyatlarını itirdilər.
Azərbaycan və erməni hərbçilərinin təmas xəttində dinc əhali ilə bağlı vəziyyətin diametral olaraq tərs mütənasib olması vəziyyəti daha da gərginləşdirir. İşğal olunmuş Azərbaycan rayonlarında işğalçılar tərəfdə dinc əhali yoxdur, ancaq Azərbaycan hərbçiləri tərəfdə sıx məskunlaşmış qəsəbələr və kəndlər var. Məhz onlar, dinc əhali, yaşlı insanlar, uşaqlar və qadınlar erməni güllələrinin qurbanına çevrilirlər. Aprelin 2-də dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Vətəndaşlara külli miqdarda maddi və mənəvi ziyan vurulub. Bir orta məktəb binası, çoxsaylı evlər, obyektlər, istehsal müəssisələri düşmənin artilleriya zərbələrinə tuş gəlib, nəqliyyat vasitələri, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb.
Erməni təbliğatının Azərbaycanın müharibəyə başlamaq istəyi ilə bağlı təxribatçı məlumatları tamamilə həqiqətə uyğun deyil. Həqiqət isə budur ki, ermənilərin növbəti hərbi avantürası zəif və müdafiəsiz dinc əhalinin reaksiyası ilə deyil, bu gün Azərbaycanın sahib olduğu güclü ordu ilə qarşılaşdı. Biz erməni işğalçı birləşmələrini nəinki yerinə oturtmaq, hətta işğal olunmuş Azərbaycan torpaqlarını tamamilə azad etmək iqtidarındayıq. Ancaq münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğumuz üçün bunun sübutu kimi atəşin birtərəfli qaydada dayandırılması barədə qərar vermişik ki, kimin hələ də atəşi davam etdirdiyi aydın olsun.
Təcavüzkarla yumşaq davranmağın nəticəsi heç vaxt yaxşı olmur. Cinayətkarla oynamağın axırı həmişə faciəyə çevrilir. AŞPA-nın yanvar sessiyasında cənab Volterin hesabatı rədd edilən zaman erməni militarizminin əl-qolu açıldı, baş verənlər onlara hər şeyin icazə verildiyinə və cəzasız qalacaqlarına inam yaratdı.
“Əminəm ki, son hadisələrlə bağlı Sizin BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, işğalçı hərbi birləşmələrin qeydsiz-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı bəyanatınız AŞPA-ya bu məsələdə təşəbbüsü yenidən öz əlinə almağa imkan verəcək və yaranmış vəziyyəti hələ ki, düzgün qiymətləndirə biləcək erməni siyasətçilərini məsuliyyətli olmağa çağıracaq”.