Xəbərlər
Ermənistanın təxribatçı əməllərinə qarşı Londonda etiraz aksiyası keçirilib
Londonda bir qrup azərbaycanlı və onlarla həmrəylik nümayiş etdirən şəxslər bir araya gələrək Ermənistanın Britaniyadakı səfirliyinin qarşısında aksiya keçiriblər.
Aksiya iştirakçıları aprelin 2-nə keçən gecə Ermənistan tərəfinin törətdiyi növbəti təxribatdan sonra qoşunların təmas xəttində yaratdıqları gərginlik, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrini və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutmasına qarşı etiraz ediblər.
İştirakçılar əllərində plakatlar tutaraq və şüarlar səsləndirərək Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildirib, ermənilərin doğma torpaqlarımızı qeyd-şərtsiz tərk etmələrinin vacibliyini qeyd edib, ölkəmizə qarşı törətdikləri təxribatların heç vaxt cavabsız qalmayacağını diqqətə çatdırıblar.
Bir qrup erməni nümayəndəsi həmvətənlərimizin sülhməramlı aksiyasına mane olmağa çalışsalar da, həmyerlilərimizin birliyi sayəsində onların cəhdləri uğursuz alınıb və işğalçı ölkəni dəstəkləyənlər susdurularaq layiqli cavablarını alıblar.