YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir

İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında çıxış etmişdir.

AŞPA-nın sədri xanım Ann Brasör Prezident İlham Əliyevi salamladı. O, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinin uğurlu olacağına əminliyini ifadə edərək ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün Avropa Şurası üçün vacib məsələ olduğunu diqqətə çatdırdı. A.Brasör Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ATƏT-in Minsk qrupu çərçivəsində həllini arzuladığını bildirdi. AŞPA-nın sədri münaqişə tərəfləri arasında etimad mühitinin yaradılması istiqamətində Avropa Şurasının fəaliyyətini davam etdirəcəyini vurğuladı.

Son illərdə ölkəmizdə güclü iqtisadi inkişafın getdiyini, Azərbaycanın ötən dövrdə onlarla Avropa konvensiyasına qoşulduğunu deyən AŞPA-nın sədri insan hüquqları, söz azadlığı və digər sahələrdə əldə olunan nailiyyətlərdən də danışdı.

Prezident İlham Əliyev çıxışında dəvətə görə təşəkkürünü bildirərək yenidən Strasburqda olmaqdan məmnunluğunu qeyd etdi. Dövlətimizin başçısı müstəqillik illərində iqtisadi sahədə əldə olunan uğurlardan danışdı. Avropa Şurasına üzvlüyü dövründə ölkəmizin bir çox nailiyyətlər qazandığını deyən Azərbaycan Prezidenti müstəqilliyin ilk dövrlərində yaşanan çətinliklərdən bəhs etdi. Dövlətimizin başçısı ötən dövrdə ölkəmizdə əsas azadlıqların təmin edildiyini, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirildiyini, azad internetin mövcud olduğunu söylədi.

Demokratik institutların fəaliyyətinin təmin edilməsi, din azadlığı sahəsində də görülən işlərin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev yüz illər boyu ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlandığını diqqətə çatdırdı. Bildirdi ki, bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır və ölkəmiz 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır.

Prezident İlham Əliyev ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizənin aparıldığına diqqəti cəlb edərək bu sahədə dövlət səviyyəsində islahatların həyata keçirildiyini bildirdi.

Azərbaycanda güclü, vətənpərvər, təhsilli gəncliyin olduğunu, yüzlərlə yeni məktəb binasının tikildiyini, dünyanın məşhur universitetləri ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlətimizin başçısı böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmizin bu gün regionda sabitləşdirici rol oynadığını diqqətə çatdırdı. Qeyd etdi ki, Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu da bölgə ölkələrinin inkişafına müsbət təsirini göstərir.
2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv olan Azərbaycanın bu qurumda fəaliyyəti dövründə ədaləti dəstəklədiyini deyən Prezident İlham Əliyev ölkəmizin dünyanın bir çox dövlətləri ilə konstruktiv əlaqələr qurduğunu söylədi.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxundu, Avropa Şurasının ölkəmizin ərazi bütövlüyünün tanınması ilə bağlı mövqeyinə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev bu münaqişənin bütün regionu təhdid altında saxladığını vurğuladı. Qeyd etdi ki, Azərbaycanın tarixi bölgəsi olan Dağlıq Qarabağa ermənilər sonradan gəlmişlər və bu ərazilərin Azərbaycana məxsus olduğunu tarixi abidələr də təsdiq edir. Ermənilərin tarixi torpaqlarımızda etnik təmizləmə apardığını, Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun 20 ildən çoxdur işğal altında olduğunu deyən Prezident İlham Əliyev beynəlxalq hüququn Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğuladı. Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnamə qəbul etdiyini, lakin onların hələ də icra olunmadığını, baxmayaraq ki, bənzər hallarda bu qətnamələrin bir neçə saat ərzində həyata keçirildiyini bildirdi. Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının status-kvonun saxlanmasının mümkünsüzlüyü ilə bağlı bəyanatlarını xatırladan Azərbaycan Prezidenti digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin də icrasının vacibliyini diqqətə çatdırdı. Ermənilərin işğal etdikləri ərazilərdə tarixi-mədəni abidələri, sosial obyektləri, hətta qəbirləri dağıdaraq vandalizm hallarına yol verdiklərini ATƏT-in bölgədə olan faktaraşdırıcı missiyasının da təsdiqlədiyini deyən Prezident İlham Əliyev tarixi Azərbaycan torpağı olan İrəvanın XX əsrin əvvəllərində Ermənistana paytaxt kimi verildiyini bildirdi.

Dövlətimizin başçısı son illər Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan, enerji siyasətindən danışdı, beynəlxalq reytinq agentliklərinin ölkəmizin iqtisadi reytinqini artırdığını diqqətə çatdırdı. “Bu gün beynəlxalq birliyin fəal üzvü olan Azərbaycan sürətlə müasirləşir”, - deyən Prezident İlham Əliyev demokratik proseslərin və azadlıqların təmin edilməsinin bundan sonra da ölkəmiz üçün prioritet olacağını vurğuladı.

Sonra Prezident İlham Əliyev deputatları maraqlandıran sualları cavablandırdı.

DİGƏR Xəbərlər Arxiv