Xəbərlər
Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Aprelin 8-də Moskvada Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasın gündəliyinə MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinə dair məsələlər daxil edilib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib ki, müzakirə olunacaq mühüm məsələlərdən biri də Birliyin fəaliyyətinin səmərəliliyinin artırılması, müasir şəraitə uyğunlaşdırılmasıdır. MDB-nin 25 illiyinin qeyd olunduğu vaxtda tədbir xüsusi əhəmiyyət kəsb edir.
M.Zaxarova deyib ki, nazirlər MDB çərçivəsində xarici siyasətin əlaqələndirilməsi məsələlərini nəzərdən keçirəcək, aktual regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, səhiyyə, mədəniyyət, gənclər arasında sahibkarlığın inkişafı və digər sahələrdə fikir mübadiləsi aparılacaq.
İclasda “ART EXPO” beynəlxalq sərgisinin təşkilinə aid sənədlərə də baxılacaq və “MDB-nin mədəni paytaxtı” dövlətlərarası proqramının yerinə yetirilməsinin gedişindən danışılacaq.