Xəbərlər
Minskdə MDB ölkələrinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizədə Əməkdaşlığı haqqında Sazişin iştirakçısı olan dövlətlərin Birgə Komissiyasının iclası keçiriləcəkdir
İyunun 26-da Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsində “MDB iştirakçısı olan ölkələrin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizədə Əməkdaşlığı haqqında Saziş”in iştirakçısı olan dövlətlərin Birgə Komissiyasının iclası keçiriləcəkdir. Bu barədə Birliyin Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat verilmişdir.
Tədbirdə səkkiz məsələnin, o cümlədən miqrasiya sahəsində risklərin idarə edilməsi metodikasının işlənib hazırlanması, 2012-2014-cü illərdə MDB ölkələrinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizədə Əməkdaşlığı Proqramının həyata keçirilməsi, miqrasiya sahəsində milli qanunvericilik, hüquqi-normativ aktlarda baş vermiş dəyişikliklər haqqında informasiya mübadiləsi məsələlərinin müzakirəsi planlaşdırılır.
Birgə Komissiyanın üzvləri qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində cinayət məsuliyyətinin tətbiq edilməsinə, bu sahədə birgə profilaktik və əməliyyat-axtarış tədbirlərinin, həmçinin xüsusi əməliyyatların keçirilməsinə dair təcrübə mübadiləsi aparmaq, readmissiya olunmalı əcnəbilərin müvəqqəti saxlandığı mərkəzlərin yaradılması və fəaliyyəti üzrə Rusiyanın təcrübəsini öyrənmək niyyətindədirlər.
Qanunsuz Miqrasiyaya Qarşı Mübarizədə Əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Birgə Komissiyası 2004-cü ildə yaradılmışdır. Onun vəzifələri sırasına qanunsuz miqrasiyaya qarşı mübarizədə ölkələrin əməkdaşlığını inkişaf etdirmək, müvafiq beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasına dair tövsiyələr tərtib etmək, bu sahədə informasiya mübadiləsinə kömək, qanunsuz miqrasiyaya qarşı mübarizə təcrübəsinin təhlili və mübadiləsi, qanunsuz miqrasiyanın profilaktikasına dair tövsiyələr hazırlanması məsələləri daxildir.
Birgə Komissiyanın iclaslarında müzakirə etdiyi ən aktual praktiki məsələlərin həlli qanunsuz miqrasiyaya qarşı mübarizəyə yönəlmiş zəruri tədbirləri vaxtında görməyə imkan verir.