Xəbərlər
Malayziyanın itmiş təyyarəsinin sirrini aça biləcək yeni informasiya əldə olunmuşdur
Mütəxəssislər mart ayında radarlardan itən Malayziya təyyarəsinin sirrini aça biləcək yeni informasiya əldə olunduğunu iddia edirlər.
Məlumata görə, istintaqı aparan malayziyalı rəsmilər təyyarə kapitanının evində tapılmış uçuş simulyatorunda Hind okeanının cənubundakı bir marşrutu göstərən məlumatı ortaya çıxarmışlar. Mütəxəssislər simulyatordan silinmiş informasiyaları bərpa edərək, təyyarənin Hind okeanının cənubundakı kimsəsiz bir adaya endirilməsinə dair planın olduğunu təsdiqləmişlər. Aparılan araşdırmalara görə, təyyarə kapitanı təyyarəni adaya endirmək üçün simulyatorda məşq edirmiş.
Xatırladaq ki, göyərtəsində 239 sərnişinin və ekipaj üzvünün olduğu Kuala Lumpur-Pekin reysini həyata keçirən “Malayziya Hava Yolları”na məxsus təyyarə martın 8-də radarlardan itmiş və bu günədək tapılmamışdır. Bu hadisə müasir mülki aviasiya tarixinin ən böyük sirlərindən biri kimi xarakterizə edilir.