Xəbərlər
Hikmət Babaoğlu: Ermənistan Azərbaycanla yanaşı, bütün regionun təhlükəsizliyinə təhdid yaradır

“Önümüzdəki günlərdə nüvə təhlükəsizliyi ilə bağlı çox böyük tədbir keçiriləcək. Bu ərəfədə Azərbaycanın "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini qəbul etməsi olduqca aktualdır. Bir zamanlar heç kim fikirləşə bilməzdi ki, Azərbaycanda kosmik sənaye ölkəsi olacaq. Ancaq bu faktdır, artıq ölkəmizdə kosmik sənaye yaradılıb. Bu gün bizim qəbul etdiyimiz sənəd növbəti mərhələdə Azərbaycanının nüvə ehtiyatlarından dinc məqsədlər üçün istifadə etmək siyasətini də müəyyənləşdirəcək. Ona görə, bu sənədin qəbulu olduqca çox aktual və vacibdir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, Ermənistan tərəfindən istismar müddəti çoxdan sona çatmış «Metsamor» AES-in tullantılarının sərhədyanı çaylar vasitəsilə Azərbaycana axıdılması və eyni zamanda işğal olunmuş ərazilərimizdə basdırılmasını hər zaman aktuallaşdırıb: «Bu problemi Milli Məclisin və AŞPA-nın diqqət mərkəzində saxlamaq lazımdır. Çünki bu məsələ Azərbaycanla yanaşı, bütün regionun təhlükəsizliyinə təhdid yaradır. Hesab edirəm ki, buna hüquqi müstəvidə də yanaşmaq olar və bizim kosmik peyklərimiz vasitəsilə basdırılan nüvə tullatılarının yerini müəyyənləşdirib, konkret faktlarla müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdıra bilərik. Müzakirə etdiyimiz məsələ bütövlükdə vacib sənəddir və xüsusilə bəyanat hissəsində qeyd olunur ki, Azərbaycan sözügedən beynəlxalq sənədə qoşulur, ancaq nəzarəti altına olmayan torpaqlarında bunun yayılması ilə bağlı tədbirlər görə bilməyəcək. Bu bəyanatın özü də bir daha Azərbaycan torpaqlarının işğal altında olmasını beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırılməsı deməkdir».