Xəbərlər
Siyavuş Novruzov: Azərbaycan-Türkiyə münasibətləri həmişə yüksək xətlə inkişaf edib
«Azərbaycan-Türkiyə münasibətləri həmişə yüksək xətlə inkişaf edib. Ulu öndər Heydər Əliyevin hakimiyətə qayıdışından sonra dövlətlər arasında münasibətlərdə çox ciddi dəyişikliklər baş verdi. Hazırda iki ölkənin münasibətləri «Bir millət, iki dövlət» prinsipinə əsaslanır». Bu fikirləri «Trend»-ə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bu münasibətlər digər ölkələr üçün nümunə olacaq bir səviyyədədir. Onun sözlərinə görə, bütün bunlar Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqliyin göstəricisidir: «Prezident İlham Əliyevin Türkiyəyə işgüzar səfəri xüsusi əhəmiyyət daşıyır. bilirsiniz ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri nəzərdə tutulurdu. Amma həm ötən dəfə, həm də bu dəfə səfərdən öncə Türkiyədə terror baş verdi. Ona görə də, cənab Ərdoğan səfəri təxirə salmağa məcbur oldu. Belə bir halda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaş Şurasının növbəti iclasının Ankara keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən çox böyük jest oldu. Beləliklə, dövlət başçısının rəhbərliyi ilə nümayəndə heyəti Ankaraya səfər etdi, Şuranın iclasında mühüm məsələlər müzakirə olundu və sənədlər imzalandı. Bu , Azərbaycanın türk xalqı ilə həmrəy olmasının parlaq göstəricisidir. Ona görə də, Prezident İlham Əliyevin Türkiyəyə son səfəri yüksək qiymətləndirilməlidir».
Bu səfərin iki dövlət arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı dəyərləndirən YAP İcra katibinin müavini dünyada baş verən gərgin proseslər fonunda Türkiyəyə qarşı məkrli planların qurulduğunu deyib. Onun sözlərinə görə, müəyən beynəlxalq dairələr regionun aparıcı dövləti olan Türkiyənin daha da güclənməsinə, iqtisadiyyatının artmasının qarşısının alınmasına çalışır.
«Türkiyəyə qarşı belə planlar həm də Azərbaycana qarşıdır. Ona görə də, hər iki dövlət təxribatların qarşısının alınmasında birgə səylər göstərirlər. Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birliyi qarşımıza qoyulan hədəflərə çatmağa tam imkan verəcək»- deyə, S.Novruzov vurğulayıb.