Xəbərlər
Bakıda IV Respublika Milli Azlıqlar Festivalının seçmə turu başlanmışdır
İyunun 23-dən 25-dək Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş “Doğma yurdum Azərbaycan” devizi altında IV Respublika Milli Azlıqlar Festivalı keçirilir.
Festivalın seçmə turu iyunun 23-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında başlanmışdır. Turun ilk günündə Azərbaycanın ukraynalı, tatar, kürd və yəhudi icmalarının, habelə axıska türklərinin və Qusar rayonunun özfəaliyyət kollektivlərinin çıxışları olmuşdur.
Festivalın rejissoru Xalq Artisti Cənnət Səlimovadır. Festival çərçivəsində “Azərbaycanda yaşayan milli azlıqların mahnıları” adlı disk buraxılması nəzərdə tutulur. Azərbaycan, ingilis, rus, fransız və alman dillərində buraxılacaq diskin tirajı 1000 nüsxə olacaqdır.
Seçmə tur iyunun 24-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının səhnəsində Azərbaycan rayonlarının bədii kollektivlərinin çıxışları ilə davam edəcəkdir.
Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində milli azlıqların həyatından bəhs edən “Bir ailədə” adlı fotosərgi və “Etnik mədəniyyətlərin müxtəlifliyi və multimədəni ənənələr” mövzusunda “dəyirmi masa”təşkil ediləcəkdir.
Festivalın qala-konserti iyunun 25-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcəkdir. Teatrın rejissoru Gülnara Hacıyevanın sözlərinə görə, qala-konsertdə 20 kollektivin çıxışı nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycanda yaşayan milli azlıqların birinci festivalı 2006-cı ildə Bakıda keçirilmişdir. 2006, 2008 və 2011-ci illərdə keçirilmiş festivallar respublikanın ictimai və mədəni həyatında mühüm hadisə olmuşdur.
Festivallar çərçivəsində müxtəlif tədbirlər, elmi konfranslar, sərgilər təşkil olunmuşdur.