Xəbərlər
“Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülü istismara verilib
Martın 14-də SOCAR-ın “Günəşli” yatağında yeni inşa edilmiş 7 nömrəli dərin dəniz özülü istismara verilib.
Özülə baxış keçirən SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələrinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilən ilk və ən dərin dəniz özülüdür. Özülün layihəsi “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilib, tikintisi isə “Neftqaztikinti” tresti tərəfindən həyata keçirilib. 20 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül “Günəşli” yatağının şərqindəki tağyanı sahədə yerləşir və dənizin 148 metr dərinliyində quraşdırılıb. Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən – dayaq blokundan və üst tikililərdən ibarətdir. Hasil ediləcək karbohidrogenlərin ilkin nəqli məqsədilə buradan 8 saylı özülə qədər sualtı neft və qaz kəmərləri çəkilib. Özüldə qazma işlərini yerinə yetirmək üçün 2 ədəd müasir standartlara cavab verən yeni qazma qurğusundan istifadə ediləcək. Neft quyularının hər birindən sutkada 100 ton neft və 15 min kubmetr səmt qazı, qaz quyularının hər birindən isə sutkada 150 min kubmetr təbii qaz və 15 ton kondensat hasil olunacaq.
Görülmüş işlərdən razılığını bildirən SOCAR-ın prezidenti R.Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb.