Xəbərlər
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şimali Qafqaz respublikalarında keçiriləcək tədbirlərdə iştirak edəcək
Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Qafqaza yola düşüb.
QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfər Azərbaycanda bu il elan olunmuş “Multikulturalizm ili” çərçivəsində Qafqaz bölgəsində təşkil edilən tədbirlər əsasında həyata keçirilir. Şeyxülislam A.Paşazadənin təşəbbüsü ilə Qafqaz Xalqları Ali Dini Şurasının hesabat konfransı formatında keçiriləcək görüşlərdə ölkəmizin bu sahədə mövcud dəyərli təcrübəsi təbliğ və təşviq ediləcək.
Martın 16-dək davam edəcək səfər çərçivəsində QMİ sədri Rusiya Federasiyasının Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikalarında olacaq. Şeyxülislam A.Paşazadənin rəhbərliyi ilə Nalçikdə, Çerkesskdə və Vladiqafqazda müvafiq olaraq Kabarda-Balkar, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikaları müsəlmanlarının ruhani idarələrinin hesabat-seçki konfransları baş tutacaq, müfti vəzifələrinə seçki keçiriləcək.
Səfər müddətində QMİ sədrinin Rusiya Federasiyası Şimali Qafqaz respublikalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.