Xəbərlər
“Euronews” Prezident İlham Əliyevin müsahibəsini yayıb
“Euronews” Azərbaycan Prezidenti İlham Əliyevin IV Qlobal Bakı Forumunda bu telekanala verdiyi müsahibəni yayıb.
Müsahibədə dövlətimizin başçısı Azərbaycanın uzun illərdir ki, iqtisadiyyatın şaxələndirilməsi üzərində işlədiyini, lakin hazırda - neftin qiymətinin çox aşağı olduğu bir dövrdə bunun ölkəmiz üçün əsas prioritetə çevrildiyini söyləyib. “Biz neft və qazdan asılılığı azaltmağa nail olmuşuq”, - deyən Prezident hazırda neft və qazın Azərbaycanın ümumi daxili məhsulunun cəmi 30 faizini təşkil etdiyini, hədəfimizin neftin qiymətindən asılı olmayacaq inkişaf modeli yaratmaq olduğunu və bu prosesin davam etdiyini diqqətə çatdırıb.
Neftin qiymətinin qlobal təhlükəsizliyə, xüsusilə Yaxın Şərqdə təhlükəsizliyə təsiri məsələsi ilə bağlı suala cavabında dövlətimizin başçısı bildirib ki, biz neftin qiymətinin azalması ilə qlobal təhlükəsizlik arasında birbaşa əlaqə görmürük. Lakin sözsüz ki, uzunmüddətli perspektivdə neftin qiyməti aşağı olaraq qalsa, bu, bəzi problemlərə, iqtisadi və sosial problemlərə yol aça bilər.
Azərbaycan Prezidenti vurğulayıb ki, neft hasil edən hər bir ölkənin əsas hədəfi neftdən asılılığı azaltmaq, innovasiyalara, təhsilə və müasir texnologiyalara investisiya yatırmaq, neft və qaz layihələrindənsə müxtəlif başqa layihələri ixrac etməkdir. Bunlar baş tutsa, regionda təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq.