YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsrail qəzeti Azərbaycanda dini tolerantlılığın Avropa üçün örnək olmasından yazır

“The Times of Israel” qəzetində Azərbaycanın tolerantlılıq və birgəyaşayış modelinin bu gün radikallaşma dalğası ilə üz-üzə olan Avropa üçün nümunə olmasından bəhs edən məqalə dərc edilib. Məqalədə tolerantlıq sahəsində Azərbaycanda həyata keçirilən dövlət siyasətinin əhəmiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu sahədə gördüyü işlərdən bəhs olunur. Bütün bu problemlərin episentrinin dövlət-din siyasətinin uğurlu və ya uğursuz olmasına əsaslandığı diqqətə çatdırılır.

Məqalənin müəllifi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səid Musayevdir. O bildirir ki, Avropa ölkələrinin əksəriyyəti hazırda radikallaşmanın qarşısının alınması üçün hüquqi, inzibati, siyasi eləcə də hərbi mexanizmlər yaratmaq prosesindədir. Lakin qəbul olunmuş bütün siyasi və hüquqi ölçülərdən əvvəl bir faktı qəbul etmək lazımdır ki, radikallaşma fenomeni sosial xarakter daşıyır. Radikal cərəyanların öz hədəflərinə nail olmasının qarşısını almaq üçün hər şeydən əvvəl sosial məsələlərin həlli üçün qərarlılıq nümayiş etdirmək lazımdır.

Müəllif dövlət və din münasibətlərini bütün problemlərin episentri olaraq təhlil edir. Bildirir ki, multikulturalizmin inkişaf etmədiyi, din siyasətinin həyata keçirilməsində problemlərin yaşandığı cəmiyyətlərdə radikallaşmanın qarşısını almaq qeyri-mümkündür.

Məqalədə qeyd edilir ki, bu gün hansı dini konfessiyaya aid olmasına baxmayaraq, dünya əhalisinin əksər hissəsi sülh şəraitində, tolerant mühitdə yaşayışın axtarışındadır. Lakin hazırkı radikallaşma prosesləri qlobal təhlükəsizlik üçün artan hədə olaraq qalmaqdadır.

Müəllif Azərbaycandakı mövcud tolerant və multikultural mühitdən ətraflı bəhs edir. Diqqətə çatdırılır ki, Şərq ilə Qərb arasında müxtəlif mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşən çoxsaylı təriqətlərin mövcud olduğu Azərbaycan cəmiyyətində yəhudilər əsrlər boyu müsəlmanlarla bir arada yaşayırlar. Məqalədə deyilir: “Fransanın Azərbaycandakı səfiri Ourelia Buşez deyib ki, Azərbaycanda mövcud olan dini tolerantlıq və bu sahədəki stabillik Avropa ölkələri üçün nümunə ola bilər. Bu fikrin Parisdə törədilmiş terror aktlarından üç gün öncə Avropanın şərq qonşuluğunda stabilliyi pozan dini radikal cərəyan amillərini neytrallaşdırmağa nail olan Azərbaycanın paytaxtında səsləndirilməsi heç də təsadüfi deyil. Bu fikirlər Los-Ancelesdə yerləşən Sinay sinaqoqunun ravvini Deyvid Uolpinin səsləndirdiyi fikirlərlə də təsdiqini tapır ki, Azərbaycan dünyada nümunəvi tolerant modelidir. Bu gün dünyanın inkişaf etmiş əksər ölkələrindən fərqli olaraq Azərbaycanda yəhudilər sülh şəraitində yaşayırlar və onlar Bakı küçələrində sərbəst şəkildə öz xüsusi libasları və yəhudi kippaları ilə gəzə bilirlər”.

Müəllif vurğulayır ki, bu harmoniya əlbəttə ki, öz-özünə yaranmır. Bu təcrübə qonşu regionlarda təhlükəli radikallaşma tendensiyasından törəyən, stabilliyi pozan amillərə qarşı həyata keçirilən sistematik yanaşma vasitəsilə reallaşa bilər.