Xəbərlər
Makedoniya Prezidenti: Biz birgə səylərimizlə ölkələrimizi daha da yaxınlaşdıra bilərik
Bizim birgə səylərimiz ölkələrimizi daha da yaxınlaşdıra bilər. Ümid edirəm ki, qarşılıqlı fəaliyyət nəticəsində gələcəkdə daha böyük iqtisadi əlaqələrə nail olacağıq.
Bunu IV Qlobal Bakı Forumunda iştirak edən Makedoniya Prezidenti George İvanov jurnalistlərə açıqlamasında deyib.
Bu Forumun dünyanın bir çox ölkələrindən görkəmli şəxsləri bir araya gətirərək bir sıra vacib məsələlərin müzakirəsi üçün gözəl imkanlar yaratdığını bildirən George İvanov belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakını Azərbaycanın artan nüfuzunun göstəricisi olduğunu qeyd edib. Azərbaycan ilə Makedoniya arasında diplomatik əlaqələrin qurulmasının 21 illiyinin qeyd olunduğunu söyləyən George İvanov əməkdaşlığın daha geniş məcrada inkişafı üçün səylərin birləşdirilməsinin vacibliyinə toxunub. “Azərbaycanda iqtisadi təbliğatçımız var. Balkan xalqlarının nümayəndələri Qafqaz regionunda özlərini hər zaman rahat hiss edirlər. İkitərəfli münasibətlərimiz mövcud potensialı əks etdirmir. Düşünürəm ki, bizim xidmətlərimiz sayəsində gələcəkdə daha böyük uğura nail olacağıq”, - deyə Prezident vurğulayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə toxunan Makedoniyanın Prezidenti George İvanov qurumun təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumunun təşkilatçılarına minnətdarlığını bildirib, Mərkəzin nəinki Azərbaycanın bütövlükdə regionun maraqlarını təbliğ etdiyini söyləyib.