Gündəm
Əli Həsənov: Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir
«Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri olmuşdur. Şübhəsiz, bu işdə Ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür». Bu fikirləri Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov bildirib ki, məhz Ulu öndər siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail oldu. Onun sözlərinə görə, iki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açılmışdır.
«Fərəhli haldır ki, müasir mərhələdə dövlətlərimizin başçıları – cənab İlham Əliyev və cənab Vladimir Putin bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişlər. Ölkələrimizin iqtisadi sahədə qarşılıqlı fəaliyyəti barədə danışarkən vurğulamaq istəyirəm ki, Rusiya Azərbaycanın əsas ticari-iqtisadi tərəfdaşlarından biridir. Müstəqillik illərində ölkələrimiz arasında ticari-iqtisadi məsələlərə dair 40-dan çox müqavilə imzalanmışdır. 2013-cü ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsi əvvəlki dövrlə müqayisədə 10 faiz artmışdır. Keçən il Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında üçüncü yeri tutmuşdur.
Azərbaycan ərazisində Rusiya kapitalı ilə 570 müəssisə fəaliyyət göstərir. Bu il iyunun əvvəlində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında Memorandum imzalanmışdır. Şübhəsiz ki, bu sənəd ölkələrimiz arasında uzunmüddətli iqtisadi əlaqələrin daha da inkişafına və dərinləşməsinə kömək edəcəkdir. Üstəlik, müştərək investisiya fondu yaradılması haqqında razılaşma vardır»- deyə, Əli Həsənov vurğulayıb.