Gündəm
Mehriban Əliyeva: Ölkəmizi dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim etmək çox vacibdir
“Çox zaman bu məktublarda insanlar yazırlar ki, Heydər Əliyev Fondu bizim son ümid yerimizdir. Biz bu məsuliyyəti çox yaxşı dərk edirik və ilk gündən fəaliyyətimizə başlayanda bəyan etmişdik ki, respublika əhəmiyyətli irimiqyaslı layihələrlə yanaşı, bizə müraciət edən hər bir insanın, vətəndaşın yanında olmağa, onu eşitməyə və imkan dairəsində onun probleminin həllində iştirak etməyə çalışacağıq. Biz bu prinsiplə işləmişik. Mənə elə gəlir ki, qazanılan hörmət məhz buna görədir. Çünki biz heç bir məktubu cavabsız qoymuruq, insanları eşitməyə və onların yanında olmağa çalışırıq.
Bu illər ərzində Heydər Əliyev Fondunun dəstəyi ilə 50 mindən çox insan həm ölkəmizdə, həm xaricdə müalicə alıb və normal həyat tərzinə qayıdıb. Təkcə ötən il yenə də Heydər Əliyev Fondunun dəstəyi ilə 142 insanın üzərində ürək əməliyyatı aparılıb və bu insanların əksəriyyəti azyaşlı uşaqlardır. Adətən biz fəaliyyətimizin bu tərəfindən danışmırıq, çünki yardım etməyi, xüsusən də belə ağır vəziyyətdə olan insanlara yardım etməyi öz vətəndaş borcumuz kimi qəbul edirik. Mən fikirləşirəm ki, imkanı olan hər bir insan belə çətin vəziyyətə düşmüş vətəndaşa yardım etməlidir.” Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimində çıxışı zamanı söyləmişdir.
Mehriban xanım Əliyeva qeyd etmişdir ki, Fondun fəaliyyətində, ölkəmizi dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim etmək çox vacibdir, xüsusən də müasir dünyada çox vacibdir: “Biz hesab edirik ki, insanların, xalqların bir-birinə daha yaxın olması, bir-birini daha dərindən tanıması və doğru anlamasında ən gözəl vasitə məhz humanitar əməkdaşlıqdır, humanitar layihələrdir. Azərbaycan bu gün çoxkonfessiyalı, çoxmillətli ölkədir. Biz öz dinimizə, tariximizə və mədəniyyətimizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz mədəniyyət müxtəlifliyinə çox diqqətlə və böyük hörmətlə yanaşırıq. Heydər Əliyev Fondu bu illər ərzində ölkəmizdə 50 dini, tarixi və mədəni abidənin bərpasında iştirak edib. Eyni zamanda, biz dünyada, dünyanın müxtəlif ölkələrində və şəhərlərində 40-dan çox dini və mədəni abidənin bərpasında iştirak etmişik.”