Xəbərlər
Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olmuşdur
İyunun 20-də Bakıda “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üç cildlik əsərin təqdimat mərasimi olmuşdur.
Müəllifləri yazıçı-publisist, Əməkdar Jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin olduğu üçcildliyin təqdimatı AMEA-nın İnsan Hüquqları İnstitutunun, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Vasif Səmədov demişdir ki, 3 cilddən ibarət kitabın məhz Beynəlxalq Qaçqınlar Gününədək hazırlanması və təqdim edilməsi vacib məsələ idi. Əlamətdar haldır ki, bu kitab məhz bu gün təqdim olunur. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər əziyyətli günlər yaşamışlar. Müəllif bildirmişdir ki, kitab üçün materiallar toplayarkən BMT-nin müvafiq strukturları ilə sıx əlaqə qurmuş, arxiv sənədlərindən istifadə etmişlər.
Azərbaycan Respublikası Baş nazirinin mavini Əli Həsənov bildirmişdir ki, Xocalı faciəsi XX əsrin böyük soyqırımlarından biridir. O qeyd etmişdir ki, bu faciəyə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində siyasi qiymət verilmişdir. Soyqırımı ilə bağlı Prezident İlham Əliyevin sərəncamları olmuşdur. Həmçinin bu soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə etmişdir.
Əli Həsənov üçcildliyin ingilis və rus dillərinə tərcümə ediləcəyini bildirərək demişdir: “Bu kitablarda elə məlumatlar vardır ki, hətta öz ictimaiyyətimiz də onları eşitməmişdir. Bunları dünya ictimaiyyəti bilməlidir”.