YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Londonda Azərbaycan-Britaniya hökumətlərarası komissiyasının ilk iclası keçirilib

Fevralın 11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçirilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevin və Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Modun həmsədrliyi ilə keçirilmiş iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri iştirak edib.

İclasda çıxış edən hökumətlərarası komissiyanın həmsədri, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Böyük Britaniya arasında əlaqələrin inkişaf etdiyini, indiyədək ölkələrimiz arasında iqtisadi sahə də daxil olmaqla 24 sənədin imzalandığını bildirib. Qeyd olunub ki, hazırda Azərbaycanda 473 Britaniya sərmayəli şirkət fəaliyyət göstərir. Ölkəmizdə həyata keçirilən layihələrdə Böyük Britaniya şirkətləri podratçı kimi də iştirak edirlər. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 23 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Azərbaycan və Böyük Britaniyanın iqtisadiyyatın müxtəlif sahələrində uğurla əməkdaşlıq etdiyini qeyd edən nazir Şahin Mustafayev bankçılıq, İKT, su təchizatı, turizm, səhiyyə sahələrində də əlaqələrin davam etdiyini bildirib.

Humanitar sahədə əməkdaşlığa gəlincə qeyd edilib ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 569 azərbaycanlı tələbə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın 38 universitetində, Britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar. 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında Böyük Britaniya idmançıları fəal iştirak ediblər.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu yaxınlarda Londona səfər etdiyini vurğulayıb.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət və İnvestisiyalar üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Fransis Mod ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, komissiyanın iclasında aparılan müzakirələrin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafında önəmli olacağını vurğulayıb.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 1-cı iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Mod imzalayıblar. İclas çərçivəsində müzakirə olunmuş məsələlərin və komissiyanın gələcək fəaliyyət istiqamətlərinin öz əksini tapdığı protokolda iqtisadiyyat, ticarət, investisiya, sənaye, turizm, enerji, təhsil, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Sənəddə həmçinin, Böyük Britaniyanın Dağlıq Qarabağın müstəqilliyini tanımadığı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanır.