Xəbərlər
Binəli Yıldırım: Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan BTQ layihəsi əlaqələrimizin inkişafına təkan verəcək
Bu gün biz - Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirlikləri və müvafiq strukturlarının rəhbərləri Tbilisidə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin reallaşdırılması ilə əlaqədar toplaşırıq. Görüşdə BTQ-nin tikintisi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr, bundan sonra görəcəyimiz işlər əsas müzakirə mövzusu olacaq. Məqsədimiz bu layihəni tez bir zamanda başa çatdırmaq və daşınmalara başlamaqdır.
Bu sözləri Türkiyənin nəqliyyat və dəniz işləri naziri Binəli Yıldırım söyləyib. Nazir deyib: “Bildiyiniz kimi Azərbaycanın bu layihədə çox böyük dəstəyi var. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, ortaya qoyduğu siyasi iradə və Türkiyə Prezidentinin, Baş nazirinin dəstəyi ilə layihənin həyata keçirilməsi üçün çox önəmli addımlar atılıb. Bu layihə bir millət, iki dövlət olan Azərbaycan ilə Türkiyə arasında əlaqələrin dəmir yolu vasitəsi ilə də inkişafına təkan verəcək. Bu, həm də, tarixi İpək yolunun bərpası və bizim Anadolu, Mərkəzi Asiya və Uzaq Şərqə doğru əlaqələrimizin genişlənməsinə imkan yaradacaq”.
Nazir, Gürcüstanın da bu layihədə fəal iştirak etdiyini vurğulayıb. “İnanıram ki, birgə fəaliyyətimiz nəticəsində tikinti işlərini tam başa çatdıracağıq və daşınmalara başlayacağıq. BTQ bizim dövlətlərimizin inkişafında mühüm rol oynayacaq”, - deyə, B.Yıldırım vurğulayıb.