YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatı Bakıda “Məşğulluq siyasəti” mövzusunda təlim-seminar keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda “Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyası (2016-2025-ci illər)” layihəsinin hazırlanması işləri çərçivəsində “Məşğulluq siyasəti” mövzusunda təlim-seminara başlanılıb. Dörd gün davam edəcək təlim-seminarın açılışında aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, Milli Məclisin, sosial tərəfdaşların, BƏT-in, BMT-nin Əhali Fondunun, Dünya Bankının və digər bir sıra beynəlxalq təşkilatların  nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  Azərbaycan Prezidenti cənab İlham Əliyevin mükəmməl islahatlar kursu nəticəsində ötən dövrdə ölkəmizdə dayanıqlı və çoxsaylı iş yerlərinin açılmasını nəzərdə tutan dinamik iqtisadi inkişafın təmin edildiyini, iqtisadiyyatın şaxələndirilməsi prosesinin, qeyri-neft sektorunun və regionların, davamlı dövlət dəstəyi şəraitində sahibkarlığın inkişafının sürətləndiyini vurğulayıb: “2015-ci ildə ölkəmizin sosial-iqtisadi inkişafının yekunları da göstərir ki, kəskinləşən qlobal iqtisadi böhranın mənfi təsirinə baxmayaraq, Azərbaycanda iqtisadi artım dinamikası davam edir, büdcə-fiskal dayanıqlığı təmin olunur. Qlobal enerji bazarındakı qeyri-sabitlik, region ölkələrində iqtisadi problemlər, Azərbaycanın və onun əsas ticarət partnyorları olan ölkələrin milli valyutalarının devalvasiyası, eləcə də dünya maliyyə bazarındakı çətinliklər orta müddətli perspektivdə əsas risklər hesab olunur. Milli iqtisadiyyatın bu risklərə hazır olması və mənfi xarici iqtisadi təsirlərə qarşı yüksək dayanıqlıq nümayiş etdirməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, respublikada yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar, o cümlədən iqtisadi şaxələndirmə və neft amilindən asılılığın azaldılması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması sayəsində mümkün olub”.   

Hələ 2003-cü ildə ölkənin inkişafı üçün müəyyən olunmuş strateji hədəflərin qısa zaman ərzində uğurla reallaşdırıldığını vurğulayan S.Müslümov bildirib ki, makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, əmək bazarında sabitliyin təmin edilməsi, rəqabətə davamlı kadr potensialının formalaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi, sosial məsuliyyət prinsipi əsasında sosial tərəfdaşlığın gücləndirilməsi dövlət məşğulluq siyasətinin əsas prioritet istiqamətlərini təşkil edir: “Ötən dövrdə həyata keçirilən dövlət məşğulluq siyasəti, 1,5 milyondan çox yeni iş yerinin  açılması nəticəsində işsizlik səviyyəsinin 2006-cı ildə 7,4%-dən 2015-ci ilin yekunlarına görə 4,9%-dək azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunub. Həmçinin  əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması və rəqabət qabiliyyətinin artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması üçün müvafiq tədbirlər həyata keçirilib”.

S.Müslümov Azərbaycanın Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biri olduğunu qeyd edib: “Azərbaycanda 2005-2015-ci illə ərzində əhalinin sayı 13,6 faiz artıb. Hazırda əhalinin 22,4 %-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6,0 %-i isə 65 və yuxarı yaşda olanlardır. Respublika əhalisinin 28,1% faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib”.

Nazir Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə əhalinin artımı və respublikanın inkişaf perspektivləri, iqtisadi prioritetlər nəzərə alınmaqla  uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Məşğulluq Konsepsiyasının hazırlanması barədə müvafiq tapşırıq verildiyini vurğulayıb: “Dövlət başçısının tapşırığının icrası olaraq, Konsepsiya layihəsinin hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müvafiq dövlət orqanlarının, sosial tərəfdaşların, qeyri-hökumət təşkilatlarının, ümumilikdə 21 qurumun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb. Konsepsiya layihəsinin 3 ay müddətində hazırlanması nəzərdə tutulur”.

Konsepsiyanın prioritet istiqamətlərinin də müəyyən olunduğunu qeyd edən S.Müslümov diqqətə çatdırıb ki, bu istiqamətlər sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin  rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi,  sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsiı və  digər prioritet istiqamətlər yeni Konsepsiyada əhatə olunacaq.  

Nazir qeyd edib ki, dövlət məşğulluq siyasətinin formalaşdırılması və həyata keçirilməsi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilir: “Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında da BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondu bizim əsas partnyorlarımızdır. Məhz bu əməkdaşlıq nəticəsində Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə “Məşğulluq siyasəti” adlı belə bir təlim-seminarın Bakıda keçirilməsi mümkün olub. Bu tədbirdə ölkənin əmək bazarında mövcud vəziyyət, müşahidə olunan meyllər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər, onların həlli yolları, həmçinin növbəti illər üçün müəyyən olunmuş prioritetlər geniş müzakirə olunacaq. Hesab edirəm ki, bu müzakirələrin nəticələri müvafiq sahədə yeni təklif və təşəbbüslərin, mütərəqqi yanaşmaların irəli sürülməsinə şərait yaratmaqla, ölkədə gələcək on il üçün məşğulluq siyasətinin formalaşdırılmasına öz töhfəsini verəcək”.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkədə aparılan sosialyönümlü siyasətin mühüm bir komponentinin əhalinin məşğulluq səviyyəsinin  artırılması olduğunu, yeni Konsepsiyanın Azərbaycanda bu vacib məqsədin uğurla gerçəkləşdirilməsi sahəsində yeni imkanların yaradılması üçün güclü əsas yaradacağını bildirib. Komitə sədri bu təlim-seminarın yeni layihənin beynəlxalq ekspertlərlə birgə daha təkmil şəkildə işlənməsində mühüm rol oynayacağını diqqətə çatdırıb. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkə sahibkarlarının iqtisadi inkişaf proseslərində olduğu kimi, əmək bazarında da fəallığının getdikcə artdığını bildirib. M.Musayev özəl sektorun genişlənməsi üçün aparılan siyasətin məşğulluq imkanlarının artmasına da şərait yaradacağını qeyd edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsi işlərində AHİK-in sosial tərəfədaş kimi daim fəal iştirak etdiyini, yeni Konsepsiya layihəsinin də mükəmməl şəkildə hazırlanması üçün səylər göstərəcəklərini qeyd edib.BƏT-in Məşğulluq siyasəti şöbəsinin sektor müdiri Aurelio Parisotto Azərbaycanın məşğulluq sahəsində fəal siyasətə və uğurlu iş təcrübəsinə malik bir ölkə olduğunu vurğulayıb. A.Parisotto təmsil etdiyi təşkilatın ölkəmizdə yeni Məşğulluq Konsepsiyasının hazırlanmasına lazımi dəstəyi vermək əzmində olduğunu, hazırda keçirilən təlim-seminarın da bu məqsədə yönəldiyini bildirib. 

Daha sonra təlim-seminarın ilk sessiyasına başlanılıb. Tədbir çərçivəsində keçiriləcək sessiyalarda əmək bazarında mövcud vəziyyət, məşğulluq problemləri və sosial tərəfdaşlarla birgə onların həll olunması yolları, məşğulluq siyasətinin formalaşdırılması üçün prioritetlərin müəyyən olunması, əmək bazarının inkişafı üzrə proqramların tərtibi və s. mövzularda beynəlxalq ekspertlərin iştirakı ilə təhlil və müzakirələrin aparılması nəzərdə tutulur.