YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentinin köməkçisi: İctimaiyyət, vətəndaş cəmiyyəti institutları ölkənin həyatında fəal iştirak etməli, cənab Prezidentin mövqeyini dəstəkləyərək yeni iqtisadi siyasətin həyata keçirilməsinə, neqativ halların aradan qaldırılmasına öz töhfəsini verməlidir

«Uzun illərdir Azərbaycan xalqı sabitlik, əmin-amanlıq içində yaşayır, cəmiyyətdə heç bir kataklizm, kəskin neqativ dəyişiklik baş verməyib və bunun üçün zəmin də mövcud deyil. Düşünürəm ki, insanlar ilk günlərdə neftin qiymətinin aşağı düşməsini və devalvasiyanı hansısa neqativ prosesin başlanğıcı kimi qəbul etdi və daha çox psixoloji amillərin təsiri altına düşdülər. Belə hallarda bir qayda olaraq kütlə psixologiyası üzə çıxır. Cəmiyyət başqa ölkələrdə baş verən ağrılı siyasi, iqtisadi və sosial proseslərin Azərbaycanda təkrar olunmasını istəmir. Üstəlik, daxildən və xaricdən bəzi qüvvələr bədbin ssenarilər cızmağa və bunu ictimai rəyə təlqin etməyə çalışdılar. Lakin bir tərəfdən hakimiyyətin çevik reaksiyası, digər tərəfdən də sağlam medianın fəallığı, aparılan təbliğat işi öz təsirini göstərdi. Hazırda cəmiyyətdə heç bir gərginlik və pessimist əhval-ruhiyyə müşahidə olunmur». Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov deyib.

Əli Həsənov bildirib ki, ictimaiyyət, vətəndaş cəmiyyəti institutları ölkənin həyatında fəal iştirak etməli, cənab Prezidentin mövqeyini dəstəkləyərək yeni iqtisadi siyasətin həyata keçirilməsinə, bütün sahələrdə qanunçuluğun, şəffaflığın təmin olunmasına, neqativ  halların aradan qaldırılmasına öz töhfəsini verməlidir. Məsələ ilə əlaqədar müxtəlif təkliflər səsləndirilir, KİV və QHT nümayəndələrindən ibarət geniş koalisiyanın yaradılması təşəbbüsü də irəli sürülür. Əlbəttə, bütün bu təklif və təşəbbüslərə baxıla bilər.

«Cənab Prezident regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası ilə bağlı konfransda sosial məsuliyyət məsələsinə xüsusi toxundu. Məsələn, vətəndaş anlamalıdır ki, bu gün total “dollarlaşma” milli manata etimadın azalmasına və ölkənin maliyyə-bank sektorunun zəifləməsinə xidmət edir. Çünki sabah əldə olan ehtiyat bitdikdən sonra vətəndaş yenə manata müraciət etməli olacaq, ancaq zəif və tələbatı ödəməyən manata. Başqa tərəfdən, nə qədər çətin olsa belə, milli banklar insanları, iş adamlarını əsassız sıxışdırmamalıdırlar. Çünki bankların da inkişafı insanların ödəmə qabiliyyətindən, iş adamlarının  fəaliyyətindən birbaşa asılıdır. Bəzi hallarda sahibkarlar vəziyyətlərini yaxşılaşdırmaq və maliyyə məsrəflərini azaltmaq üçün ixtisarlara gedirlər. Unudulmamalıdır ki, Azərbaycan Prezidenti iş yerlərinin yaradılmasını başlıca vəzifələrdən biri hesab edir. Son 12 ildə ölkədə 1.4 milyondan artıq yeni iş yeri yaradılmışdır. Hazırda Azərbaycan Prezidentinin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış, 21 dövlət orqanı və sosial tərəfdaş olan qurumların nümayəndələrinin iştirak etdiyi işçi qrup yeni Məşğulluq Konsepsiyasını hazırlayır. Azərbaycan dövlətinin, cənab Prezidentin bu məsələyə çox böyük əhəmiyyət verdiyi bir zamanda özəl sektor da məşğulluğun daha da yüksəlidlməsinə  öz töhfəsini əsirgəməməlidir. Eləcə də banklar, iş adamları imkan daxilində ölkə iqtisadiyyatına yeni investisiyalar qoymalı, qeyri-neft sektorunun prioritet sahələrinin daha sürətlə inkişaf etməsinə öz töhfələrini verməlidirlər»- deyə, Əli Həsənov qeyd edib.