YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Peşə hazırlığına cəlb edilən əlilliyi olan şəxslərin sayı 58,5 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə reabilitasiyası istiqamətində davamlı tədbirlər həyata keçirməkdədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, nazirlik tərəfindən 2015-ci ildə əvvəlki illə müqayisədə 58,5 faiz çox, yəni 582 nəfər əlilliyi olan şəxs müxtəlif peşələr üzrə peşə hazırlığı kurslarına cəlb edilib.

Əlilliyi olan şəxslərdən 378 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. 2013-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən bu Mərkəzdə sağlamlıq imkanları məhdud gənclərin peşə hazırlığının təşkili, ümumən onların sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi üçün ən müasir tələblərə uyğun şərait yaradılıb. Respublikanın müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına cəlb olunan gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.

Digər 204 nəfər əlilliyi olan şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Əlilliyi olan şəxslər peşə hazırlığı kurslarını bitirdikdən sonra onlara bu barədə sertifikatlar verilib və məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Ümumilikdə Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin sayı isə 4147 nəfər təşkil edib.